"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin lokomotiv parkının yenilənməsi və yükdaşıma gücünün artırılması istiqamətində işləri davam etdirir. Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli yeddi ədəd müasir yük lokomotivi Bakıya çatdırılıb.
Oxu.Az-ın məlumatına görə, magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir. Bu lokomotivlər çoxtonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi lokomotivlərin daha etibarlı və fasiləsiz istismarına, həmçinin teplovozun əsas çəninin tutumunun iki min litr sıxılmış hava təşkil etməsi və iki kompressordan ibarət olması daha uzun tərkibli qatarların daşınmasına da imkan yaradır.
Eyni zamanda, iki lokomotivin ard-arda qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə olunması dəmir yolu ilə daha çox yükün daşınmasına, çoxtonnajlı yük qatarlarının idarə olunması zamanı əməliyyat səmərəliliyinin artırılmasına və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivlərdən xüsusi emissiya tələbləri olan ərazilərdə sərbəst istifadə imkanı verir.
Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında istifadə olunacaq.
ADY lokomotiv parkının yenilənməsi, yük, həmçinin sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yükdaşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işləri davam etdirəcək. Növbəti mərhələdə 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.