"Bu il Dövlət Proqramına qəbul olunanların daha çox üz tutduğu ölkələr arasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, ilk dəfə olaraq Avstraliya İttifaqı və Çin Xalq Respublikası yer alır. Ən çox üstünlük verilən ixtisas sahələri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental elmlər və digər istiqamətlərdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəziləri qəbul olunmamalarını yüksək bal toplamamaları ilə əlaqələndirirlər:
"Dövlət Proqramında iştirak edən namizədlərin bal məlumatları ictimaiyyətə açıqlanmır. Lakin seçim qaydalarına əsasən, qəbul olanlar yekun bal üzrə sıralanaraq seçilirlər. Yəni daha çox bal toplamış namizədlər yuxarıdan-aşağı sıralanır və bu əsasda qəbul həyata keçirilir.

Bakalavriat və magistratura səviyyələri üzrə ehtiyat siyahılar da mövcuddur. Əgər seçilmiş şəxslər proqramdan imtina edərlərsə, ehtiyat siyahısındakı namizədlərin də müraciətləri dəyərləndiriləcək. Bu, qaydaların 4.1.1-ci bəndinə əsasən həyata keçirilir.
Qəbul olunan 500 nəfərin siyahısı artıq ictimaiyyətə açıqlanıb və bu məlumatlar Dövlət Proqramının rəsmi saytında yerləşdirilib".
Məhərrəm Əliyev