Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elçin Əliyev Bakıdakı tarixi abidənin sökülməsinin qarşısını almağa çağırır - FOTOLAR
Azərbaycanın tanınmış şəhərsalma mütəxəssisi, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev “Facebook”da ölkə rəhbərliyinə müraciət edərək, tarixi abidənin sökülməsi və yerində yeni bir bina tikilməsi məsələsinə təcili müdaxilə etməyə çağıran yazı yayımlayıb.
Söhbət XX əsrin əvvəllərində Bakının Səbail rayonunda inşa edilən keçmiş Dəniz Zabitləri Məclisinin malikanəsindən gedir.
O, tanıdığı daşınmaz əmlak agentindən Bayılda yeni bir bina üçün torpaq sahəsinin satıldığını öyrənib. Həmin ərazinin tarixi bina ilə bir yerdə satıldığını biləndə isə eşitdiklərinə inanmayıb. O, bu tarixi binanın çoxdandır ki, sökülməsinin nəzərdə tutulduğunu da öyrənib.
Tanınmış memar keçmiş Dəniz Zabitlər Məclisinin malikanəsinin 1902-ci ildə tikildiyini, ölkənin Müdafiə Nazirliyinin tabeliyində olduğunu və son vaxtlara qədər Azərbaycan Dəniz Donanmasının Zabitlər Evi olduğunu xatırladıb.
“Dəbdəbəli sərt fasadlı bu tarixi binada palıd parket döşəmələr, tökmə sürahili pilləkənlər, divar və tavanlarda çoxsaylı rəsmləri olan iclas otaqları və Çar Donanması zabitlərinin kitabxanası yerləşib, sinematoqraf işləyib. Dəniz Məclisi Bayıl burnunda yerləşən mədəniyyət mərkəzi idi, Sularda Xilasetmə Cəmiyyəti orada yerləşirdi və dövlət müşaviri vəzifəsini icra edən Hacı Zeynalabdin Tağıyevin rəhbərliyi ilə iclaslar keçirilirdi. Binada 1902-ci ildə komitə üzvləri Əli Abbas Dadaşov, Yusif Dadaşov, Musa Nağıyev, Aleksandr İvanoviç Benkendorf və digər tanınmış sahibkarlar olan Bakı Yaxt Klubunun ilk iclası keçirilib. Sovet dövründə bura artıq Qırmızı Bayraqlı Xəzər Donanmasının Zabitlər Evi idi. Burada müxtəlif dərnəklər yerləşib, kitabxana işinə davam edib, müxtəlif tədbirlər və bayramlar keçirilib, rəqslər, tamaşalar oynanılıb, filmlər nümayiş etdirilib, məşhur sovet filmləri çəkilib”.
Professor E.Əliyev bundan sonra tarixi yaddaşa hörmətsizlikdən və indiki nəslin tamahkarlığından şikayətlənib.
“Təəssüf ki, bina sahibləri tamamilə fərqli dəyərlərə malikdirlər: Adil Quliyev, Aydın Nəsirov küçələrinin və tanınmış memar Mikayıl Hüseynov prospektinin kəsişməsində (təəssüf ki…) strateji cəhətdən əlverişli sahədə yerləşən bina inkişaf etməkdə olan yeni şəhər mərkəzində qazanc gətirən tikinti sahəsidir, hansı ki, bunun üçün hətta milli memarlıq abidəsini də qurban vermək olar…”
“Sahə satılırsa, çox güman ki, yeni tikinti üçün icazə də var. Görəsən nə vaxt və kim tərəfindən verilib? Şəhərsalma və Memarlıq Komitəsinin rəhbərliyi baş verənlərdən xəbərdardırmı? Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi baş verənlərdən xəbərdardırmı? Əks təqdirdə belə çıxır ki, yeni təyin olunmuş vəzifəli şəxslərin tarixi irsə münasibətinin dəyişəcəyinə boş yerə ümid bəsləmişik?
Prinsipiallıq nümayiş etdirməyin və tarixi binanı qorumağın vacib olduğu ilk halda qüdrətli inşaatçıların kommersiya maraqları yenidən üstün gəldi?!
Üstəlik, son illərdə ölkədə Prezident və Birinci vitse-prezidentin səyləri sayəsində bir dənə belə əhəmiyyətli memarlıq abidəsi sökülməyib, profilli rəhbərlik və ictimaiyyət arasında belə bir konsensusa gəlinib ki, 2001-ci ilin avqustunda rəsmi şəkildə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısı tam deyil, yenidən baxılmasına və əlavələrə ehtiyac var”.
O, həmçinin tarixi malikanənin təcili olaraq “binanı ən qısa müddətdə sökmək istəyən məmurların və bu maraqlara lobbiçilik edən qəyyumların kommersiya planlarına zidd olaraq” dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına daxil edilməsinin vacibliyini də vurğuladı.
“Hələlik isə klassisizm dövrünün Bakı memarlığının ecazkar dəlillərindən olan, dəbdəbəli antik əl işi şkaflar, foyedəki antik güzgülər, qiymətsiz və əvəzolunmaz kitablar, XIX əsrin ortalarına aid çoxsaylı əşyalar da daxil olmaqla, bütün mebellər çıxarılıb... Onlar indi haradadır? Kimdədir? Memarlıq abidəsi tez və sürətlə satışa, ardınca isə sökülməyə hazırlanır...”, - deyə E.Əliyev fikirlərini yekunlaşdırıb.
Rəylər