"KM Construction" tikinti şirkəti inşaat işləri zamanı zərər vurduğu sakinə kompensasiyanın qalan hissəsini aylardır ödəmir.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) müraciət daxil olub.
Belə ki, Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 5 nömrəli yataqxanada yaşayan Həsən Kazımov Oxu.Az-a açıqlamasında iddia edib ki, həmin məhəllədəki bəzi ərazilər "KM Construction" şirkəti tərəfindən satın alınıb.
Sakin bildirib ki, ərazidə tikinti işləri aparılarkən onun yaşadığı otağa ziyan dəyib və divarlarda çatlar əmələ gəlib.
"Mən yataqxanada ailəmlə birlikdə yaşayıram. Övladlarımdan biri I qrup əlildir, serebral iflicdən əziyyət çəkir.
Bu ilin əvvəlində "KM Construction" tikinti şirkətinin apardığı işlər nəticəsində yaşadığımız otağa ziyan dəyib. Bununla bağlı şirkətlə 35 min manat kompensasiya ödənilməsi barədə müqavilə bağladıq. Lakin həmin məbləğin 22 min manatı ödənilsə də, qalan 13 min manat təxminən bir ildir ki, verilmir. Şirkətlə əlaqə saxlasam da, ödəniş həyata keçirilmir".
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Şirkət nümayəndələri məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyini bildirdilər.