Bu gündən etibarən oxucularımıza, peşəkar fəaliyyətində uğur qazanmış həmvətənlərimizlə eksklüziv müsahibələrdən ibarət yeni – “Peşəkar” rubrikasını təqdim edirik. Onlar oxucularımıza öz təcrübələri və həyatda rastlaşdıqları maraqlı hadisələrdən söz açacaqlar.
Oxu.Az oxuculara rubrikanın birinci qonağını – Azərbaycan aviasiyasının əfsanəsi, 50 il ərzində MDB ölkələrində rekord göstərici hesab edilən 28 500 saat uçuş saatı olan pilot, “Şöhrət” ordenli Əzimbala Əzimovu təqdim edir.
Oxu.Az oxucularına Azərbaycan aviasiyasının canlı əfsanəsi, 50 il ərzində 28 500 uçuş saatı olan, (MDB ölkələrinin göstəriciləri üzrə bu, rekorddur) “Şöhrət” ordeni kavaleri Əzimbala Əzimovla müsahibəni təqdim edir:
Aeroportun keçmiş işçilərindən birinin xatirələrindən:
“Aeroportda işlədiyim zamanlardan bir epizodu xatırlayıram... Hava dumanlı idi, aeroport hava şəraitinə görə bağlı idi və birdən kiminsə təyyarə endirdiyini eşitdik... Heç dispetçerdən kimin gəldiyini soruşmaq lazım deyildi, hamı bilirdi ki, gələn Əzimbaladır”.
- Əzimbala müəllim, siz nümunəsiniz, canlı əfsanəsiniz. Sizi aviasiyaya nə gətirdi?
- Çoxları kimi mən də uşaqlıqdan səmaya vurğun olmuşam. 1958-ci ilin avqust ayının 18-də Aviasiya günü qeyd edilirdi, atam məni Zabratda yerləşən aerodroma apardı, orada paraşütdən tullanma nümayiş etdirilirdi. O gün mən ilk dəfə sərnişin kimi uçurdum. O zaman cəmi 10 yaşım var idi. 1961-ci ildə aerokluba daxil oldum və aviamodelizmlə məşğul olmağa başladım, paraşüt idmanı ilə məşğul olmağa başladım.
İlk paraşütlə tullanmağım 1964-cü ildə may ayının 9-da olub. Cəmi 109 tullanışım var.
Mənim ilk sərbəst uçuşum isə 1965-ci ildə planerdə olub. 1969-cu ildə Ryazan vilayətində Sasovo şəhərində mülki aviasiya məktəbini bitirmişəm. Sonra ikinci pilot, Zabrat aviabölüyün komandiri, instruktor olmuşam.
- Bəs böyük aviasiyaya nə vaxt gəlmisiniz?
- Böyük aviasiyaya 1974-cü ildən gəlmişəm. Binə aeroportunda “İl-18” təyyarəsində uçmağa başladım. Sonra ikinci pilot kimi uçmağa başladım, sonra komandir, daha sonra isə eskadriliya komandiri oldum.
1994-cü ildə “Boeing-707”-yə keçdim. Son zamanlara qədər “İl-76”da eskadriliya komandiri kimi uçurdum. 2008-ci ildə Cessna təyyarələri aldıq, Almaniyada təlimat keçdik, sonra isə mən bizim pilotlara təlim keçdim.
- Bildiyim qədərilə çoxsaylı dövlət mükafatları ilə təltif edilmisiniz.
- Respublikada kənd təsərrüfatının inkişafı zamanı mən kənd təsərrüfatı aviasiyasında işləyirdim və o zaman Heydər Əliyevin şəxsi göstərişi ilə 1972-ci ildə mən ilk ordenimi – “Şərəf nişanı” aldım, bu, hökumət ordeni idi. İkinci ordenim isə “Tu-154” uçanda üçüncü dərəcəli “Əmək Şöhrət” ordeni olub.
1986-cı ildə “Qırmızı bayraq” ordenini çox çətin meteoşəraitdə Moskvada təyyarəni endirdiyim üçün almışam. O zaman bizim Azərbaycan nümayəndə heyətimiz qurultaya birinci gəlmişdi.
2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişəm.
- Deyilənə görə sizinlə hətta Türkmənbaşı belə uçub.
- Olub. Mən, əlbəttə ki, Türkmənistan kimi bir dövlətin kömək üçün bizə müraciət etdiyinə görə qürur hissi duyuram. Bu, 1992-ci ildə olub. Onların müvafiq səviyyəyə uyğun pilotları olmadığı üçün bizdən yardım istədilər. Biz Türkmənbaşını Dehliyə, oradan isə Tehrana apardıq. Sonra isə Türkmənistan prezidenti onların ekipajına hazırlıq təlimi keçməyimizi istədi. Biz onları hazırladıq və nəticədə onlar artıq sərbəst Türkmənbaşı ilə uçurdular. Mən ölkəmiz üçün qürur hissi duydum.
- Seçdiyiniz həyat yoluna görə peşmanlıq və ya şübhə hiss etmisinizmi?
- Mən aviasiyaya bütün həyatımı həsr etmişəm. Əgər yaşanan illəri geri qaytarmaq mümkün olsaydı, mən yenə də təyyarəçi olardım. Heç vaxt peşman olmamışam, heç bir an da. Mən sərnişin və ekipajın həyatı üçün həmişə məsuliyyət hiss etmişəm.
- Siz hələ də uçursunuz?
- Yox, qanuna görə 65 yaşdan sonra uçmağa icazə verilmir, amma “AZAL” QSC prezidenti, Cahangir Əsgərovun sayəsində “flight manager” kimi – müqavilələrin bağlanmasına, yoxlamalar üçün uçuram, amma artıq sükan arxasına oturmuram.
May ayının 9-da səmada olmağımın 50 ili tamam oldu və bu andan etibarən pilot kimi fəaliyyətimi dayandırdım.
- Təsəvvür edirəm, sizin üçün asan deyil... Bəs indi nə ilə məşğulsunuz?
- Milli Aviasiya Akademiyasında dərs keçmək üçün mənə yaradılan şəraitə görə çox minnətdaram. Bunun sayəsində aviasiya ilə əlaqəm kəsilməyib. Xatırlayacağım və yeni nəsil ilə bölüşəcəyim çox şey var. Həyatımda çox mehriban insanlarla görüşmüşəm. Onların çoxu dünyasını dəyişib, demək istərdim ki, mən çox şeyə insan mehribanlığının və yardımının sayəsində nail olmuşam – uğurun təməli budur, bunu hər bir insan bilməlidir.
- Pedaqoji fəaliyyətiniz barədə ətraflı danışa bilərsinizmi?
- Mən çox təyyarəçi hazırlamışam, bütün bilik və təcrübəmi onlara aşılamağa çalışmışam. Köhnə tələbələrimdən çoxu hələ də uçur. Onlarla qürur duyuram, belə pilotlar hazırladığım üçün xoşbəxtəm. Bu, mənim üçün çox böyük xoşbəxtlikdir.
İndi isə Milli Aviasiya Akademiyasında dərs deyirəm. Pilotlar üçün qəza-xilasetmə vasitələri üzrə kursu tədris edirəm. Əsasən təyyarənin suya, qrunta endirilməsini, FH zamanı təyyarəni necə tərk etmək lazım olduğunu, qarşılaşa biləcəkləri təsadüflərə hazırlayıram. Təcrübəmdə yer alan müxtəlif hadisələri danışıram. Ümid edirəm ki, təcrübəmin onlara xeyri olacaq.
- Bəs siz özünüz sadaladığınız hadisələrdən hansı iləsə qarşılaşmısınız?
- Həyatımda faciə ilə sonlana biləcək çox hadisə olub, amma mən onların hamısından qələbə ilə çıxmışam. “Boeing-707”-də qəzaya da uğramışam. Bu, 1995-ci ilin noyabr ayının 30-da olub. Çindən qayıdırdım, təyyarəmin təkərləri açılmadı. Mən artıq enişə gedirdim və dispetçerdən çöl təkərimin nə vəziyyətdə olduğunu yoxlamağı xahiş etdim. Belə enmək mümkün deyildi, hələ üstəlik bəzi sistemlər də dayandı. Beləliklə, Maştağa qəsəbəsində qəzaya uğrayacaqdım. Mən təyyarəni yaşayış məntəqəsindən mümkün qədər uzağa aparmağa çalışdım. Vəziyyəti ələ almağı bacardım və təyyarəni qruntun üzərinə endirdim, amma iki yoldaşım bort mühəndisi və mexanik vəfat etdi. Təyyarə yük təyyarəsi idi, sərnişinimiz yox idi. Buna bənzər hadisə Çikaqoda olub, amma orada ekipaj heç nə edə bilməmişdi və bütün heyət məhv olmuşdu.
Qalan hadisələr bu qədər təhlükəli olmayıb. “İl-18”-də Moskvadan Gəncəyə uçarkən o zaman da təkərlər açılmamışdı.
1986-cı ildə Moskvadan qayıdarkən mühərriklər dayandı. Mühərriki təzə qoymuşdular, sən demə mühərrikin texniki qüsuru var imiş. Prinsipcə təyyarə alışmalı idi. Buna bənzər hadisə İrkutskda baş verib, ekipaj heç nə edə bilmədiyi üçün qəza baş verib. Biz də artıq qalxmalı idik, mən artıq təyyarəni yerdən qaldırırdım, amma zamanında dayana bildim və Allaha çox şükür ki, 164 sərnişin sağ qaldı. O zaman Aviasiya Nazirliyi məni “QAZ-24” avtomobili ilə mükafatlandırdılar.
Bir dəfə də Krasnavodsk rayonunda texniki şöbənin birində blok tüstüləndi. Mən o zaman ikinci pilot idim. Biz tez endik, onu ayırdıq və uçuş normal keçdi.
- Nahaq yerə uçmaqdan qorxmuram ki... Bəzi texniki qüsurdan əlavə belə hadisə hansı səbəbdən baş verə bilər? Məsələn, şassi açılmasa?
- Bu, texnikadır. Fərz edək ki, şassi çıxır, amma “açara” düşmür. Maştağa hadisəsində olduğu kimi belə hallarda qəza şəraitində eniş qərarı qəbul edilir. Burada çox şey pilotdan asılıdır.
- Siz yerli pilotlarımızın səviyyəsini indi necə qiymətləndirirsiniz?
- Təhsili tam bitirən və uçuşlara buraxılan hər bir pilotu çox yüksək qiymətləndirirəm. İnsan həyatı boyu öyrənməlidir, mən bunu hər zaman demişəm, xüsusilə də həkim, müəllim və əlbəttə ki, pilot olanlar. Onların insan həyatı ilə birbaşa təması olduğu üçün daha məsuliyyətli olmalı və hər biri öz üzərində daima işləməlidir.
Pilot olmaq sadəcə sükan arxasına oturub uçmaq demək deyil. Burada həm meteorologiya və naviqasiya, aerodinamika eləcə də təyyarənin konstruksiyasını bilmək lazımdır.
Bizim Milli Aviasiya Akademiyamız gözəl kadrlar hazırlayır. Nəzəri hazırlıq, trenajor, təcrübə (öncə Cessna təyyarələrində), bütün bunlar çox yüksək səviyyədədir və sükan arxasına ən yaxşılar buraxılır. Tədrisdən sonra “Boeing”, “Airbus”, “İl-76” üçün gələcək pilotlar seçilir.
- Həmişə pilotun birinci uçuşunun necə keçməsi maraqlı gəlib. Kim tərəfindən və necə nəzarət edilir?
- Müasir təyyarələrdə komandir və ikinci pilot var – ekipajın digər üzvləri yoxdu, çünki indi hər şey avtomatlaşdırılıb. Köhnə təyyarələrdə pilotlar, radsiyaçı, texnik, mexanik və şturman uçurdu. İndi buna ehtiyac yoxdur.
Pilotun bütün bacarığı – nəzəri biliklər, psixologiya, xüsusi hallarda davranışı və məharəti daima yoxlanılır. Məsələn, trenajorda hansısa vəziyyətləri modelləşdirirlər – yanğın, mühərrikin sıradan çıxması, bütün bunlar barədə pilot öncədən bilmir, onun bu vəziyyətdən necə çıxacağını müşahidə edirlər.
Pilotun qəbul etdiyi qərardan onun komandir olub-olmayacağı bəlli olur. Ona görə də bir baxın görün, pilot sükan arxasına oturmazdan əvvəl necə yol keçir. Təcrübəmdə heç bir zaman komandir olmayan pilotlar da az olmayıb. Çünki yoxlama zamanı lazımi səviyyəni nümayiş etdirə bilməyiblər. Bizim peşəmiz isə ən kiçik səhvləri belə bağışlamır.
Ona görə də arxayın ola bilərsiz, uçuşa yalnız ən yaxşılar buraxılır.
- Mənim kimi uçmağa qorxan bir çox sərnişinləri narahat edən bir sualı da vermək istərdim. Bizim təyyarələr uçuşdan öncə necə yoxlanılır? İnsan faktoru hər hansı bir təsadüfə səbəb ola bilərmi? Əslində eşitmişəm ki, bizdə bu məsələyə çox məsuliyyətli yanaşırlar...
- Bununla əlaqədar sizə bunu deyə bilərəm. Cahangir Cəlil oğlu Əsgərov (“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti – red.) sağ olsun. O hər bir mərhələni dəfələrlə yoxlamağı şəxsən tapşırır. Şəxsi heyətə çox sərt tələblər qoyur – insanlar həddən artıq yüksək səviyyədə hazırlıqlı olmalıdırlar. Baxın, nə qədər yeni texnika əldə etmişik, heç bir digər dövlətdə bunu görməmişəm.
Milli Aviasiya Akademiyasında çox möhtəşəm trenajor kompleksimiz var, yeni sərnişin təyyarələri alınıb. Pilot və yerdəki məntəqələrdə xidmət personalı çox yüksək səviyyəli peşəkarlardır.
Ona görə də uçmaqdan qorxmaq lazım deyil. Düşünürəm ki, bizim pilotlar ən yaxşılardır. İnanın onlar kimi təyyarəni endirə bilən yoxdu, onlar peşəkarlardır. Mən bəzən digər aviaşirkətin təyyarələri ilə uçuram və fərq göz qabağındadır.
Aviasiyaya bizim ölkədə çox böyük diqqət ayırırlar. Görün nə qədər beynəlxalq aeroport tikilib və ya bərpa edilib – Qəbələ, Zaqatala, Naxçıvan, Lənkəran, Yevlax, Gəncə – bütün bunlar ən çətin meteoşəraitdə belə təyyarəni endirməyə imkan verən lazımi radiotexniki vasitələrə malik aerodromlardır. Əminəm ki, bəzi ölkələr bizə paxıllıq edir.
Ümumiyyətlə, aviasiyanın inkişafı üçün göstərilən bütün səyləri alqışlamaq lazımdır. Məsələn, Milli Aviasiya Akademiyasının rektoru Arif Mircəlal oğlu Paşayev Akademiyanı necə inkişaf etdirib, yüksək səviyyəyə qaldırıb. Bizə Almaniyadan qonaqlar, pilotlar gəlmişdi. Onlara Akademiyamızı göstərdim. Onlar heyrətə gəldilər, gözlərinə inanmırdılar.
- Siz Akademiyanın indiki tələbələrinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Pilotlara dərs keçirəm, ona görə də tələbələrlə nadir hallarda ünsiyyətdə oluram. Amma bir şeyi deyə bilərəm ki, aviasiyada iş başına yalnız öz üzərində işləyən adamlar buraxılır. Tənbəllərə bu peşədə yer yoxdur. Həm də uçuş işinə məhəbbət olmalıdır. Bu peşəni sevmədən pilot olmaq mümkün deyil.
- Bəli, sizin bu sənətə olan məhəbbətiniz göz önündədir. O qədər maraqlı danışdınız ki, məni hətta cəlb etdi...
- Bu, dünyada ən gözəl peşədir, əsl kişi sənətidir. Sən səmaya qalxırsan və orada yalnızsan, hər şeyi sən həll edirsən, orada hər şey səndən asılıdır. Sərnişin özünü pis hiss etsə yenə də hər şey səndən asılıdır, vəziyyəti dəyərləndirib qərar qəbul edib yardım etməlisən. Bir dəfə Bakı-Xarkov-Minsk reysi ilə uçurduq. Onda 29 yaşım var idi. Və bu zaman sərnişinlərdən biri – xanım huşunu itirdi. Təyyarədə həkim yox idi və qərar qəbul etməli oldum. Fikirləşdim ki, əgər insan xəstədirsə özü ilə mütləq dərman gəzdirməlidir. Həqiqətən biz onun çantasından iynə və amplua tapdıq, ona iynə vurdum. Sonra isə təcili şəkildə Mineralnıye Vodıda təyyarəni endirdim. Belə ki, pilot bəzən həkim və psixoloq da olmalıdır.
- Sizə bu gözəl müsahibə üçün dərin minnətdarlığımı bildirirəm, Əzimbala müəllim.
- Siz sağ olun. Ümid edirəm suallarınıza maraqlı cavablar verə bildim.
Aliyə İsmayılzadə
www.oxu.az