Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə Qubada yerləşən Milli Qolf Klubunda start götürəcək Heydər Əliyev adına Qolf Turnirinin promo videoçarxı təqdim olunub.
Oxu.Az xəbər verir ki, iyunun 7-də start götürəcək tədbirdə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılacaqlar.
Əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eləcə də, ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək, Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etmək olan turnir 18 dəlikli “Mixed Stroke Play” formatında baş tutacaq.
Turnirdə yalnız müəyyən “handicap” göstəricisinə malik olan 48 həvəskar qolfçu iştirak edə biləcək. Turnirdə iştirak etmək istəyənlərin sayı artıq olduğu təqdirdə daha aşağı “handicap”-ı olan 48 oyunçu seçiləcək.
Turnirdə iştirak edəcək oyunçuların ödədikləri qeydiyyat haqları xeyriyyə məqsədilə istifadə olunacaq.
Turnirin əsas mükafatı “BMW X1” avtomobilidir.
Qeyd edək ki, videoçarx Baku Media Center tərəfindən hazırlanıb.