Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FAO əmsalı azalıb: Azərbaycanda da ərzaq ucuzlaşacaqmı? - FOTO
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO əmsalı (ərzaq məhsullarının qiyməti - red.) ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
Maraqlıdır, ərzaq qiymətlərindəki azalma Azərbaycan bazarına da təsir göstərə bilərmi?
İqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.media-ya danışıb. O, dünya bazarında bir sıra məhsulların qiymətinin ucuzlaşdığına diqqət çəkib:
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada ərzaq qiymətlərinin aylıq müqayisəli statistikasını verir. Son hesabatına görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qiymət səviyyəsi orta hesabla 13,7 faiz aşağı olub. FAO əmsalı ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb.
Dekabr ayında dənli bitkilərin qiymət indeksi artıb. Xüsusilə, düyü qiymətlərində artım müşahidə edilir. Bu da Hindistanın düyü ixracının məhdudlaşdırma tədbirlərindən sonra olub. Düyü qiyməti, demək olar, hər ay artır. Düyünün qiyməti il ərzində 21 faiz yüksəlib. Ancaq bu indeksin müxtəlif komponentləri var.
Məsələn, bitki yağlarında 1,4 faiz azalma var. Şəkərin qiyməti noyabr ayı ilə müqayisədə dekabrda 16,6 faiz azalıb. Buna baxmayaraq, ötən ilin dekabrı ilə müqayisədə təqribən 15 faiz daha yüksəkdir. Ət qiymətləri indeksində də bir faizlik enmə müşahidə edilir. Ət qiymətləri ötən ilin dekabrı ilə müqayisədə iki faizə yaxın azalıb”.
Ekspert əlavə edib ki, bu qiymətlər Azərbaycan bazarına da təsir göstərir:
“Bunun üçün altı-doqquz aylıq müddət tələb olunur. Çünki bu, hazırda birja qiymətləridir. Birjalarda müqavilələr bağlanır. Daha sonra çatdırılma şərtləri və müddəti altı-doqquz ay çəkir. Qiymətlərə təsirin müddətini İqtisadiyyat Nazirliyi hesablayıb. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ilin noyabrında qiymətlər 0,2 faiz azalıb. Güman edirəm ki, biz bu müddət ərzində ərzaq qiymətlərində azalmanı müşahidə edəcəyik”.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
- Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"
- XİN rəhbərinin müavini Cenevrədə Mirzoyana cavab verib