Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Füzulidə çalışan müəllimə: "Ötən il şagirdlərimizin 80%-i ali məktəblərə qəbul oldu"
"Füzulidə dərs demək həm qürurludur, həm bir az çətin, həm də məsuliyyətli məşğuliyyətdir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Füzuli şəhərində dərs deyən kimya-biologiya müəlliməsi Sevinc Adıgözəlova deyib.
O əlavə olaraq qeyd edib ki, uşaqların hər biri müxtəlif ərazilərdən gəldiyi üçün bəzən adaptasiya problemləri olur:
"Biz burada hər şeyi yenidən qururuq. Uşaqların hər biri müxtəlif yerlərdən - Bakıdan, Sumqayıtdan, fərqli rayonlardan gəliblər. Hər şagird müxtəlif yerlərdən gəldiyi üçün bəzən adaptasiya problemlərimiz olur. Uşaqlar məktəbə, müəllimə öyrəşənə qədər bir yol keçirik. Onların adaptasiya olması üçün daha çox dərs keçməyə çalışırıq.
Burada qırğızların tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi var. Burada olan şahmat, rəqs, idman dərnəklərinə uşaqları göndərərək darıxmağa qoymuruq".
S.Adıgözəlova deyib ki, ötən il məzun olan şagirdlərin 80%-i ali təhsil müəssisələrinə qəbul olub:
"Hər dəfə dağıdılmış xarabalığı və yeni tikilmiş binaları görəndə bizdə təəssürat yaranır ki, biz haradan hara gəlmişik. Nələr əldə etmişik. Keçən il şagirdlərimiz az idi. Bu il 530-a yaxın şagirdimiz var. Məktəb olaraq müxtəlif nailiyyətlər qazanmışıq. Ötən il 80% şagirdimiz ali məktəbə qəbul oldu. Uşaqlarımızdan 15 oktyabrda keçirilən hüquq olimpiadasında qalib oldular. Bu gün onun final mərhələsi Xankəndidə keçirilir. Uğurlarımız da çoxdur və bu yolda çalışırıq".
Aygün Mirakif
Rəylər