"2026-cı ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, fondun 2026-cı il üzrə xərclərinin 266.4 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5.7 milyon manat çoxdur:
"Fondun xərcləri özünüməşğulluq proqramının, peşə hazırlığı və əlavə təhsilin, haqqı ödənilən ictimai işlərin təşkilinə, işsizliyə görə sığorta ödənişlərinə, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, peşə standartlarının hazırlanmasına, sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək".
Mərahim Nəsib