Gəncə şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri festivalda iştirak ediblər.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
28 minə yaxın iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Gəncə şəhərinin memarlıq abidələrinə dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
"WUF13-lə bağlı tədbirlərin təşkili şəhər mühitinin formalaşması üçün vacib addımdır".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Gəncədə təşkil olunan WUF13 Festivalını dəyərləndirən şəhər sakini Fatimə Kərimli deyib.
O, tədbirin proqramının çox maraqlı olduğunu vurğulayıb:
"Bu gün burada yeni biliklər və dostlar, həmçinin fərqli təcrübə və gələcək layihələrim üçün motivasiya qazandım".
Digər sakin Vüsal Orucov isə bildirib ki, bu tədbir Azərbaycan gəncliyi üçün şəhərsalma meyarlarının izahı, ümumilikdə isə urbanizasiya ilə bağlı yeni məlumatların əldə olunması ilə seçilib:
"Belə tədbirlərin keçirilməsi şəhər mühitinin formalaşması üçün vacib addımdır. Əsas da bu, işğaldan azad olunmuş torpaqlarda şəhərlərə həyatın yenidən qaytarılması və salınması baxımından vacibdir".
Şəhər sakini Əliyar Səfərov isə bildirib ki, WUF13 Festivalının bölgələrdə keçirilməsi gənclər üçün böyük stimuldur:
"Şəhər sakinləri bu festivala böyük maraq göstərirlər. Burada qurulan stendlər, gənclər üçün təşkil olunan oyunlar da maraqla qarşılanır. Ümumilikdə isə deyə bilərəm ki, festival çox yüksək səviyyədə keçir".
Qeyd edək ki, Gəncə şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı davam edir.
Tədbirdə Xalq artisti Miri Yusifin konsert proqramı böyük maraqla qarşılanıb, sənətçinin səsləndirdiyi mahnılar iştirakçılar arasında çoşqu yaradıb.
19:20
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı Gəncədə böyük coşqu ilə keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, festivalın axşam proqramı Gəncənin mərkəzində yerləşən Heydər Əliyev meydanında davam etdirilir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov Gəncə sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılır.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Gəncə Dövlət Universitetində (GDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək iştirakçılara tədbirlə bağlı ətraflı məlumat veriblər.
G.Fətəliyeva çıxışında Gəncə şəhərinin qədim tarixi, mədəniyyəti və inkişaf mərhələləri haqda sessiyanın iştirakçılarını məlumatlandırıb.
R.İdrisoğlu çıxışında bildirib ki, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq WUF13-ün Azərbaycanda keçirilməsi təsadüfi deyil. O qeyd edib ki, Azərbaycan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına üzv seçilib və "Hər kəs üçün münasib mənzil" üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik etməklə qlobal şəhərsalma gündəliyinin formalaşmasına birbaşa töhfə verir. Bununla yanaşı, Azərbaycanın insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Ekspert İşçi Qrupunda da fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən R.İdrisoğlu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini də xüsusi vurğulayıb.
E.Rəsulov universitetin müəllim və tələbələrini WUF13 tədbirinə dəvət edərək bildirib ki, Forumun proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.