“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə köməyi ilə “Qlobal terrorizmlə mübarizə” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, layihənin məqsədi gənclər arasında maarifləndirmə işləri aparmaqla onların terrorçu qruplara qoşulmasının qarşısını almaq vasitəsilə sağlam cəmiyyətin formalaşmasına nail olmaqdan, bəşəri problemə çevrilmiş qlobal terrorizmlə mübarizədə cəmiyyətin ideoloji cəhətdən təsirlərə məruz qalmağa daha həssas təbəqəsi olan gənclərə terrorun mahiyyəti, yaranma şəraiti, beynəlxalq terror təşkilatlarının tarixi, terror aktlarının həyata keçirilməsi və ondan qorunma üsulları barədə informasiya verilməsindən ibarət olub.
Layihə çərçivəsində Bakı şəhəri, Yasamal rayonunda yaşayan yeniyetmə və gənclər arasında maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə QHT Şurasının əməkdaşı Gülsəba Ələsgərova, Yasamal RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov, Yasamal Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlar Təşkilatının sədri Almaz Qasımova, QHT və KİV nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə QHT Şurasının rəhbərliyinə layihəyə dəstək verdiklərinə görə minnətdarlığını bildirdi və iştirakçıları layihənin məqsəd və vəzifələri ilə tanış etdi. Daha sonra çıxış edənlər yeniyetmə və gənclərə terrorizmlə mübarizə sahəsində mövcud qanunvericilik, dünyada fəaliyyət göstərən terror təşkilatları, qlobal terrorizmin yaratdığı faciələr haqqında geniş və ətraflı məlumatlar verdilər.
Qeyd edildi ki, gənclərimiz ilk növbədə vətənini, xalqını, milli maraqlarını hər şeydən üstün tutan, bunun üçün canından da keçməyə hazır olan və heç bir kənar müdaxilələrə, şirnikləndirici vədlərə uymayaraq hərəkət edən, ölkəmizi xarici və daxili təhdidlərdən qorumağı bacaran layiqli vətəndaş kimi yetişdirilməli, milli, mədəni, dini və etnik cəhətdən maarifləndirilməlidirlər. Gənc nəsli tərbiyə edərkən onlara terrora qarşı ayıq-sayıq olmağı, fitnəkarların qurbanına çevrilməmələrini aşılamaq lazımdır.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.
A.S.
www.oxu.az