Səhiyyə Nazirliyi Göyçayda Mərkəzi Xəstəxananın işçilərinin pambıq yığımına cəlb edilməsi məlumatını şərh edib.
Oxu.Az modenr.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bu məsələdə qeyri-adi nə isə axtarmağın yersiz olduğunu deyib:
“Əvvəllər də pambıq yığımına məktəblilər və müxtəlif peşə sahibləri cəlb olunub. Dövlətin işinin xeyirinə, tibb işçilərinin köməyə getməsi normaldır. Həm də insanlar işdən əlavə pul qazanırlar. Axı bunun nəyi pisdir ki?
İşdə, növbədə olmayan bir vətəndaş dövlətə köməyə gedibsə, burda pis nəsə axtarmaq lazım deyil. Kimsə boş vaxtında qonaq getməyib, pambıq yığımına gedib. Həm də əlavə pul qazanır”.
Nazirlik rəsmisi deyib ki, köməyə gedənlər növbədə olmayan texniki işçilərdir:
“Onları da heç kim məcburi şəkildə pambığa aparmayıb”.
11:09
Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda məlumat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib.
Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən, səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.
“Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq.
Bu səbəbdən digər kollektivlər kimi biz də pambıq yığımına cəlb olunduq. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığımına gediblər”, - deyə baş həkimin müavini vurğulayıb.
E.Ə.
www.oxu.az