Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Güzəştli mənzil" sisteminə müdaxilə edən haker dələduzluğa görə saxlanıldı
2022-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil layihəsinə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Tərlan Tahir oğlu Abdullayev bu dəfə dörd nəfərə qarşı dələduzluq etdiyi üçün hakim qarşısına çıxarılır.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatına verilib.
Xatırladaq ki, Tərlan Abdullayev 2022-ci ildə MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30 mart 2022-ci ildə güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə edən dəstənin altı üzvindən biri olub.
Həmin zaman bu barədə DTX və MİDA tərəfindən birgə məlumatda yayılıb.
DTX-də ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Elçin Elman oğlu Məmmədov, Ruslan Afiz oğlu Hacıyev, Firudin İlqar oğlu Hüseynov, Yunis İltimas oğlu Lətifzadə, Tərlan Tahir oğlu Abdullayev və Cavid Fəhrad oğlu Məmmədov digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında MİDA-nın "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci ildə "Güzəştli mənzil" informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə edib, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.
"Güzəştli mənzil sistemi" teqi üzrə xəbərlər
- Sumqayıt və Lənkəranda 544 güzəştli mənzil satılıb
- Hansı dövlət qulluqçuları güzəştli mənzil əldə edə bilərlər?
- Güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: İki şəhərdə satış başlayır
- MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
- MİDA-nın layihələrindən 9 400-dən çox ailə güzəştli mənzil əldə edib