Aqşin Yenisey yazır...
Bu söhbət inəkoğrusu kimi ad çıxarmış yunan allahı Hermesi cəzalandırmaq əvəzinə, ona qanadlı dəbilqə və qanadlı çəkmələr verib Olimpin ictimai əlaqələr üzrə şöbə müdiri təyin edən Zevsin insanlarla təzə-təzə qız verib, qız almağa, qohum olmağa başladığı vaxtların söhbətidir. Hermes həmin zamanlarda hər gün səhər ilk poçtalyonillah kimi çantasını çiyinə atıb axşam allahların verdiyi qərarları səhər insanlara (ya da ölülərə) çatdırmaq, izah etmək üçün Olimpdən yola çıxardı.
Kim bilir, inəkoğrusu olan Hermes, dünyanın bu ilk media mənsubu nə dərəcədə obyektiv və tərəfsiz, peşəkar və qərəzsiz idi. Tanrıların bir dediyinin üstünə beşini də özündən qoymurdu, yaxud insanların arzu və istəklərini tanrılara çatdırarkən, özünə də altdan-altdan dəniz allahı Poseydonun qızıldan və gümüşdən tikilmiş məbədindən, musiqi və sağlamlıq allahı Apollonun dörd at qoşulmuş qızılı arabasında arzulamırdı. Entuziast deyiləm, ancaq mifə görə, tanrılar insanı öz bənzərləri kimi yaradıblarsa, demək ki, bu villa, avtomobil, şöhrət sevgisi də bizə onlardan keçib.
Hermesin əməlləri insanların yadına bir də on yeddinci əsrdə - inkvizisiya ləvğ olunduqdan, bankir Mediçi ailəsinin dəstəklədiyi bic və homoseksual Leonardo Da Vinçi ilk texnoloji kəşflərini üzə çıxarmağa başladıqdan, italyan şairləri, daha sonra bütün Avropa aydınları allah mərkəzli düşüncəni insan mərkəzli düşüncə ilə əvəz etmək üçün qədim yunan loqosuna üz tutaraq unudulmuş qədim yunan və Roma humanizmini müasirləşdirdikdən sonra – düşdü.
Hermes artıq xəbər şərhçisi olan bir allahın deyil, humanitar bir elm sahəsinin adı oldu – Hermenevtika, yəni bildiyimiz təfsirçilik, mətnşünaslıq, şərhşünaslıq. İlk dövrlərdə yalnız dini mətnlərin təfsiri ilə məşğul olan hermenevtika sonralar Şleyermaxer, Diltey, Haydegger, Qadamer kimi filosofların yaradıcılığına daxil olaraq mətn adına olan bütün yazılı mənbələri əhatə etdi.
Hermenevtika yeganə elmi sahədir ki, əməvilərin dövründən ta bu günəcən müsəlman dünyasında geriləməyib, əksinə, XX əsr Quran təfsirçilərinin gərgin canfəşanlığı sayəsində özünün “qızıldövrü”nə qədəm qoyub.
Bu gün isə sosial şəbəkələrdə, media orqanlarında, televiziya verilişlərində hər kəs hermenevtika ilə məşğuldur. Hermesin allahlarla insanlar arasında nə dərəcədə tərəfsiz və qərəzsiz olduğunu deyə bilmərik, amma bu gün ulu Hermesin vəzifəsini icra edən elə bir adam, elə bir media orqanı yoxdur ki, hermenevtika elminin, lazım gələndə, subyektiv gopalogiya bacarığı olduğuna əsaslanıb şərh-şəbədəçiliklə məşğul olmasın.
Məsələn, “Arsenal” futbolçusu Mxıtaryanın Azərbaycana top oynamağa gəlməməsi xəbərinə yazılan izahlara, şərhlərə baxın. Bütün dünya ingilis futbol azarkeşlərinin ərköyün barbarlar olduğunu bildiyi halda, (beş-altı il əvvəl türklər onları İstanbulda dönər bıçaqları ilə doğramışdılar) ingilis şərhşüvənləri də bizdən vəhşi obrazı düzəltməyə cəhd etdilər. Vəhşi dedim, yadımaVişi düşdü. Sən hələ bizim humanizmi tumanizm səviyyəsinə endirmiş vişilərin (II Dünya müharibəsində almanlara işləyən fransızlar) hermenevtik-hermenevtik yazılarını, şərhlərini, araşdırmalarını görmədin. Bir köşəlik söhbəti 1948-ci ildə qəbul olunan “Universal Declaration of Human Rights” bəyannaməsinə aparıb çıxaranlar oldu, abi!
Hələ qədim “Avesta”dan üzü bu yana bütün səmavi deyilən kitablar yazırdılar ki, görüntü aldadıcıdır, illüziyadır, əsas olan görünməyəndir; bədənlə ruh kimi. Klassik Şərq fəlsəfəsinə aid bu ideyanı avropalı sələflərindən alıb müasir hermenevtikanın əsaslarını yaradan Qadamerdə təxminən, buna bənzər fikir irəli sürür ki, məna, həqiqət sabit, görünən deyil, şərhedənə görə dəyişir. Yəni almanın mənası almanın özündə deyil, alma haqqında danışanın, düşünənin fikrində, məqsədindədir. Almanın mənasını anlamaq üçün ağaca yox, Tanrı və Həvvanın onun haqqındakı düşüncələrinə baxmaq lazımdır (bu söhbətdə Adəmi adam yerinə qoyan yoxdu). Faktları və hadisələri mənalandıran bizik, özü-özlüyündə hər şey mənasızdır.
Məsələn, mifologiyadakı 12 rəqəmi qədim yunanlara görə, olimp tanrılarının sayını ifadə edirdi, yəhudilər üçün bu rəqəm ilk dəfə Fələstin torpaqlarına gələn 12 İsrail qəbiləsi demək idi. Xristianlara görə, İsanın 12 həvarisi var idi, Şiələr 12 imama inanırdılar. Əsl həqiqət bunların hansıdır, soruşsanız, hərkəs özünün 12 müqəddəsini ilk mənbə, orijinal heyət adlandıracaq. Halbuki bunların hamısı qədim şumer mətnlərinin hermenevtik təhrifindən yaradılmış həqiqətlərdir və müqəddəsliklə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Bu gün dünya siyasətində kim informasiya ilə daha düzgün oynaya bilirsə, uğur onun tərəfindədir. Qərb beyni bu tendensiyanın adını “post-thruth” – post-gerçək, gerçəklikdən sonrakı gerçəklik adlandırır. Bu, elə müasir hermenevtikadır. Fakt və hadisələrin vəziyyətə uyğun təfsirini, həqiqətlərə bir az da təxəyyül suyu, gop, yalan qatılmasını kütlələr özü istəyir. Teyxa həqiqət həmişə yorucudur, onu əyləncəli etmək üçün gözünə bir az da gop qatmaq lazımdır. Teyxa həqiqətlə mütəxəssislər məşğul olsunlar. İşdən yorğun-arğın gələn avtobus sürücüsü həqiqətlə əylənmək istəyir. O, yaşadığı reallıqla o reallığın beynindəki inikasının bir-birinə oxşamasından dəhşətə gəlir, ona reallığı təsvir edənin dürüstlüyü və səmimiliyi, əxlaqi, etik dəyərlərə sadiqliyi maraqlı deyil. O, artıq siyasətə, informasiyaya bir sənət, bir yaradıcılıq kimi baxır. Beynindəki dünya ilə yaşadığı dünyanın bir-birindən mediativ zorakılıqla ayrılması ona zövq verir. O, axşam uşaq bağçasında top üçün ağlayan Trampda səhər dünyanı müharibə ilə hədələyən Trampı unudur.
Yaxud müasir hermenevtika tələb edir ki, sayt redaktoru xəbərə “H. Hacıyev küçəsində qətl hadisəsi baş verib” yox, “Ər arvadına 79 bıçaq zərbəsi endirib” deyə bir başlıq qoysun. Çünki oxucu kütləsini məna və məzmun yox, zina və mərhum maraqlandırır.
Hermenevtika bizə təqdim olunan, göstərilən dünyanın reallığıdır. Hər bir media orqanı, hər bir sosial şəbəkə istifadəçisi istəyir ki, biz fakt və hadisələrə onun gözü ilə baxaq. Bu istək hər kəsi həqiqət istehsalçısına çevirir. Hər kəsin həqiqət istehsalçısı olduğu bir dövrdə əsl həqiqət heç kimi maraqlandırmır. Kim öz yalanını daha yaxşı təqdim edirsə, əsl həqiqətdə elə onunkudur. Necə deyərlər, söz azadlığı həqiqət qədər, yalanın da azadlığıdır.
Hermenevtika XX əsrdə dünyada dini mətnləri şərh etməklə yanaşı, daha çox ədəbi mətnşünaslıq, tarixi şərhşünaslıq kimi intellektual bir sahəyə çevirilsə də, bizdə daha çox mediativ, gündəmhermesliyi kimi inkişaf edib. Hərkəs öz işinə yarayan mənbənin (tanrının) sözünü bizə, yəni ölü hesab etdiyi yerli oxuculara özünə lazım olan şəkildə anlatmağa, izah etməyə çalışır.
Bütün bunları yazaraq oxucuları həqiqət uğrunda şəhid olmağa çağırmaq fikrində deyiləm. Əksinə, bu gün və bu gündən sonra mən hər bir azərbaycanlını həqiqətlə deyil, yalanla işləməyi öyrənməyə çağırıram. Çünki dünya bizim üstümüzə hermenevtik yalanları ilə gəlir. Dünya ilə münasibətdə həqiqətə, düzlüyə, səmimiliyə güvənsək, məhv olacağıq! Müasir Hermeslər inəklərimizi oğurlayacaq.
Qadamer yazırdı ki, bir mətni, bir həqiqəti anlamaq üçün onu təqdimedənin, şərhedənin dünyadakı (həyatdakı) mövqeyinə, yaşadığı zamana və məkanabaxmaq lazımdır. Yalnız bu zaman aydın olacaq ki, öz varlığı ilə bu boş səhranı bizim üçün mənalandıran səs dəvəquşunun başından çıxırmış imiş, yoxsa…