Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar rəsmi məlumat yayıb.
İdarədən Oxu.Az-a bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.
118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.
Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirik.
12:44
Hövsan kəndində 118 saylı orta məktəbin direktoru Qardaşxan Səlimovun hərəkətləri və dediyi sözlərə görə kütləvi aksiya keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı musavat.com saytı yayıb.
İddia olunur ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: “Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?”.
Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Səlimova etirazlarını bildiriblər.
Məlumatda qeyd olunur ki, aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.
Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Səlimovun cəzalandırılmasını tələb edirlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, artıq Təhsil İdarəsinin səlahiyyətli şəxsləri sözügedən məktəbdədir.
“Hadisə araşdırılır. Bir nəfərin ölməsi ilə bağlı yayılan xəbərlər doğru deyil”.
E.Ə.
www.oxu.az