Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“İslahatlar məhkəmələrin daha səmərəli olmasına xidmət edir” - MÜSAHİBƏ
Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar ölkənin məhkəmə korpusunun nümayəndələri, prokurorlar, hüquqşünaslar, hüquq müdafiəçiləri tərəfindən geniş müzakirə olunur. Bu islahatlar sıravi vətəndaşlarda da böyük maraq doğurur.
Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı, eləcə də “Mediasiya haqqında” qanun bir çox nüfuzlu beynəlxalq təşkilatların da diqqət mərkəzindədir.
Azərbaycanın Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-a müsahibəsində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın sıravi vətəndaşlar üçün hansı yeniliklər daşımasından danışıb:
- Əvvəla qeyd etmək lazımdır ki, inzibati və iqtisadi məhkəmələrin birləşdirilməsi ideyası başlanğıcda texniki baxımdan şübhəli olub. Obrazlı desək, iki qoçun başı bir qazanda qaynamaz. Bu həmin işlərə baxan hakimlər üçün ciddi problemlər yaradıb. Axı inzibati hüququ yaxşı bilən hakim iqtisadi, kommersiya çəkişmələri sahəsində mütləq peşəkar olmaya bilər. Bu, hüququn tamamilə müxtəlif sahələridir. Və daha dar ixtisaslaşma işlərə daha ixtisaslı şəkildə baxılmasına xidmət edəcək.
İnzibati məhkəmələr inzibati işlərə baxmaqla məşğul olur. Burada söhbət İnzibati Xətalar Məcəlləsini pozanlara qarşı ittiham irəli sürərkən ictimai hüquqdan gedir. Yəni dövlət vətəndaşla məhkəmədə çəkişir.
İqtisadi mübahisələr isə, əsasən, vətəndaşlar arasında baş verir. Yəni bu, fərdi hüquqdur. Fərdi mübahisələr məhkəmə təhqiqatına gedib çıxmadan həll oluna bilər. Buna görə də məhkəmə sistemi islahatları çərçivəsində inzibati-iqtisadi məhkəmənin inzibati və iqtisadi məhkəmələrə ayrılması haqqında qərar tam əsaslıdır.
Düzdür, iqtisadi mübahisələrin həmişə kommersiya çəkişmələri olmaması ilə bağlı tam aydın olmayan məqam var. Onlardan bir qismi vətəndaşların, yaxud biznes strukturlarının iqtisadi hüquqlarının dövlət tərəfindən pozulması ilə bağlıdır. O zaman hətta formal olaraq fərdi çəkişmə ictimai hüquq məsələlərini qaldıra bilər.
Məsələn, problemli kreditlərlə bağlı tarixçəni xatırlayaq. Məhkəmələrdə kollaps yarandı – manatın dəyərsizləşməsi borcların banklara əmr icraatı qaydasında qaytarılması haqqında minlərlə işə gətirib çıxardı, onların sayı 2014-2017-ci illərdə üç dəfə artaraq 80 mindən 254 minədək çatdı (mülki xarakterli işlərin ümumi sayı isə 2016-cı ildə 470 minə çatıb). Bu, formal olaraq bir tərəfdən fiziki şəxslər və biznes strukturları, digər tərəfdən isə özəl banklar arasındakı fərdi mübahisələr olub. Lakin ilkin səbəb Maliyyə Nazirliyinin baş səhmdar (50,2%) olduğu Azərbaycan Beynəlxalq Bankının cinayət əməlləri olub. Nəticədə dövlət (Prezident) vəziyyətə qarışmaq məcburiyyətində qaldı.
Klassik halda isə kommersiya məhkəməsinin işi fərdi şəxslərin mübahisələri ilə bağlı olur. Dövlət orada tərəflərdən heç biri deyil, hakimdir. Prinsipcə, iqtisadi məhkəmələrin əvvəlki praktikası da bir-biri ilə razılaşmaq imkanını nəzərdə tuturdu. Tərəflər hansısa ümumi qərara gələ və tərəflərin barışmasına görə məhkəmə prosesini istənilən an sərbəst şəkildə dayandıra bilirdilər.
İnzibati-iqtisadi məhkəmə belə razılaşmanın mexanizmini təqdim etmirdi, tərəflərin barışmasına görə təşəbbüslər göstərmirdi. Buna görə də hər iki tərəf hakimi öz yanına cəlb etməyə çalışırdı, bu da korrupsiya halı yaradırdı. Təsadüfi deyil ki, bu qərarlara dair praktiki olaraq həmişə yuxarı məhkəmə instansiyalarına şikayətlər verirdilər.
Bu ilin yazında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, təkcə iqtisadi deyil, həm də mülki, əmək, ailə, inzibati-hüquqi mübahisələrdə mediatorun (vasitəçi) iştirakı ilə tərəflərin barışması da mümkündür. Buna həm məhkəmə təhqiqatından kənar, vasitəçi təşkilat vasitəsilə, həm də işin məhkəməyə daxil olmasından sonra nail olmaq mümkündür.
Mübahisə edən tərəflərin bir neçə mediator (vasitəçi) arasından seçmək imkanı olacaq, çünki ideyada mediator hər iki tərəfin etibar etdiyi adam olmalıdır. Bunsuz nizamlama səmərəsiz olacaq və ümumiyyətlə, kimsə vasitəçinin hər hansı bir tərəfin yanında olduğunu hesab etsə, pozulacaq. Belə olan halda heç bir müqavilə də alınmayacaq.
- Siz mediasiyanı qeyd etdiniz. Tutaq ki, vətəndaş mediasiyanın nəticəsindən narazıdır. O, bu halda məhkəmədə iddia qaldıra bilərmi?
- Təbii ki, iddia qaldıra bilər. Əgər məhkəmədən əvvəl nizamlama mümkünsüz olsa, məhkəməyə müraciət etmək olar. Lakin 1 iyul 2020-ci il tarixindən etibarən qeyd edilən işlər üzrə məhkəmələrə yalnız ilkin vasitəçilik iclasından sonra müraciət etmək mümkündür.
Üstəlik, məhkəmə prosesinin gedişində də - tərəflərin sorğusu və ya hakimin təklifi ilə mediasiyaya müraciət etmək mümkün olacaq. Əgər tərəflər təklifi qəbul etsələr, məhkəmə fasiləyə ayrılır və tərəflər mediatorun iştirakı ilə məsləhətləşirlər, bununla belə, əvvəlki iddia müddəti bu zaman dayandırılır. Tərəflərin razılığına nail olunanda protokol tərtib edilir, onun əsasında hakim işi dayandırır.
Qeyd edim ki, bu halda əldə olunmuş barışıq müqaviləsinin icrasına artıq icra xidməti tərəfindən nəzarət edilməyəcək. Digər tərəfdən, müqavilənin və “Mediasiya haqqında” qanunun pozulması qanunla cəzalandırılır. Və bu, tərəflərin sərbəst şəkildə razılıq əldə etməsi ilə müqayisədə böyük fərqdir.
Mediasiya təşkilatlarının məşğul olacağı mübahisələr məhkəmələrin hazırkı işlərinin böyük hissəsini təşkil edir və onların məhkəməyə qədər nizamlanmasına nail olmaq məhkəmələrin işini xeyli azaltmağı vəd edir. Deməli, məhkəmələrin çıxaracağı qərarların keyfiyyəti artacaq.
- Məhkəmə-hüquq sistemində islahatlar “Elektron məhkəmə”dən istifadəni də nəzərdə tutur...
- Artıq qeyd etdiyim kimi, bütün bu islahatlar, o cümlədən “E-məhkəmələr”dən istifadə insan faktorunun minimuma endirilməsinə, yəni korrupsiyanı asanlaşdıran faktorlarla mübarizəyə istiqamətlənib. Hazırda məhz məhkəmələrdə korrupsiya halları üçüncü hakimiyyətə qarşı etimadı ciddi şəkildə sarsıdır. Bunu təkcə hüquq müdafiəçiləri deyil, hakimiyyət nümayəndələri də etiraf edir və 2005-ci ildə yaradılmış Məhkəmə-Hüquq Şurası hər il təqsirkarları cəzalandırır.
Ədalətli qərarın çıxarılıb-çıxarılmamasından başqa, insanların məhkəmələrə qarşı əksər iradları hansılardır? Məhkəmələr çox vaxt süründürməçiliyə yol verir. İnsanın təcili problemi olanda qərar qəbul etməli olan məsul şəxslər işi uzadır. Bununla da işi tez həll etmək üçün korrupsiyaya şərait yaranır.
Elektron məhkəmədə isə bu məsələ kompüterin işləmə sürəti səviyyəsində həll ediləcək. Ədliyyə nazirinin müavini Azər Cəfərov bu yaxınlarda rəqəmlər təqdim etdi: “məhkəmə xidmətlərinin böyük istifadəçilərindən biri” (bunun bank olduğunu güman edirəm) bir dəqiqə ərzində Bakı şəhərinin rayon məhkəməsinə borcun ödənilmədiyinə dair 300 elektron iddia verib və 15 dəqiqə ərzində həmin iddialar üzrə məhkəmə qərarları alıb. Elektron məhkəmədən istifadə edilməsəydi, bankın nümayəndəsi məhkəməyə, məhkəmə icraatçılarına getməli, qərarın tez çıxarılması üçün onları yola gətirməli olacaqdı.
- “E-məhkəmə”nin daha hansı üstünlükləri var?
- Hazırda elektron məhkəmə portalı konsepsiyası reallaşdırılır. Bu saytda ən müxtəlif məlumatlar toplanıb. Proses iştirakçıları elektron imzadan istifadə etməklə qeydiyyatdan keçdikdən sonra sayta daxil ola bilərlər: cari ilin ilk 6 ayında insanlar 20 mindən çox elektron imza alıblar. Vətəndaş imzanın köməkliyi ilə portalda “şəxsi kabinet”ini yarada bilər. Kabinet sahibinin iştirakçısı olduğu bütün məhkəmə instansiyalarındakı məhkəmə prosesləri, iclaslar, məhkəmə qərarlarının icrasının gedişi, iclasın harada və nə vaxt başlayacağı, işə hansı hakimin baxması, onun hansı iş təcrübəsi olması və s. haqqında informasiya orada toplanır.
Bu portal hakimlər və vəkillər üçün daha böyük imkanlar təqdim edir. Məsələn, Avropa ölkələrinin məhkəmələrində presedent hüququndan istifadə olunur. Bir dəfə qəbul edilmiş qərar gələcəkdə digər hakimlər tərəfindən istifadə olunur, bu da məhkəmə icraatı prosesini sürətləndirir və iddialar veriləndə, işlərə baxılanda işi yüngülləşdirir. Azərbaycanda presedentlər 2006-cı ildən tətbiq edilir, lakin bu, əsasən, Avropa İnsan Haqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarıdır, onlar elektron formada mövcuddur və portalda əlçatan olacaq.
Lakin Azərbaycanda “E-məhkəmə” portalında hazırda yerli məhkəmələrin milyona yaxın rəqəmsallaşdırılmış qərarı var. Uyğun gələn presedenti axtarmaq üçün müvafiq kriteriyaları daxil etmək kifayət edir: cinayətin növü, proses iştirakçılarının şəxsi xasiyyətləri, onların yaşı və s.
Hakim üçün iş üzrə qərarın çıxarılması zamanı daha əvvəl verilmiş qərarlarla tanış olmaq faydalıdır. O, əlbəttə ki, bu qərara birbaşa istinad etməyəcək, lakin bu, qərarın çıxarılmasını, milli məhkəmə praktikasında həmahəngliyin formalaşmasını asanlaşdıracaq. Bəzən müxtəlif hakimlər (hətta müxtəlif işlərdə eyni hakim) oxşar şəraitlərdə bir-birinə zidd qərarlar verir.
Kabinet vasitəsilə, həmçinin “Məhkəmə rüsumlarının ödəniş sistemi” və bank kartının köməkliyi ilə istənilən vaxt, bankların işləmədiyi günlərdə və saatlarda elektron ödəniş etmək mümkündür. Kağız sənədlərinin həcmi də azalır. Məhkəmələrə sənədlərin əslinin və onların təsdiq edilmiş surətlərinin təqdim edildiyi məlumdur. Hazırda isə tətbiq edilən gələcəyin texnologiyası – blokçeyn əldə olunmuş sazişlər və qəbul edilmiş qərarlar haqqında rəqəmsallaşdırılmış məlumatların elektron bazaya daxil edilməsini nəzərdə tutur.
Adətən, hansısa vacib sənədin çoxlu surəti çıxarılır, müxtəlif strukturlara təqdim edilir, bu zaman sənəd saxtalaşdırıla, itə bilər. O, məlumat bazasında olanda isə bunlar nəzəri cəhətdən baş verməyəcək.
Nəticədə lazımi sənədlərin yenidən təqdim edilməsinə ehtiyac qalmır. Onlar artıq məlumat bazasında olur. Məhkəmələrdə də elektron kargüzarlıqda oxşar yanaşmadan istifadə etməyə hazırlaşırlar. Bu, prosesi prinsipial olaraq sadələşdirə bilər. Yeri gəlmişkən, ASAN sistemdə artıq bu yanaşmadan çoxdan istifadə edirlər.
Banklardakı kredit problemlərinə qayıdaraq deyim ki, belə iddialar üzrə 270-dən çox hakim və 320-dən çox məhkəmə işçisi əmr icraatı ilə məşğuldur. Əgər kargüzarlığı elektron əsasa keçirsək, cəmi 4 hakim və 30 məhkəmə işçisi kifayət edəcək. Bu zaman müəyyən sayda hakim boşalacaq, bu da məhkəmələrin yükünü azaldacaq.
Əhəmiyyətli islahat hərbi kollegiyalara da aiddir. Hərbi hakimlər cinayət və mülki hakimlər kimi üçpilləli struktura sahibdirlər. Bu, çox da özünü doğrultmur, çünki hərbçilərə qarşı iş çox azdır və bu, dayanıqlı tendensiyadır. Belə olan halda Apellyasiya və ya Ali Məhkəmədə bütöv bir hərbi kollegiyanı saxlamaq dövlət resurslarının əlavə xərclənməsidir.
Buna görə də apellyasiya və ali məhkəkəmələrin hərbi kollegiyalarını birləşdirmək planlaşdırılır. Çox güman ki, cinayət kollegiyalarının daxilində ixtisaslaşma qalacaq, çünki hərbi cinayətlərin özünəməxsusluğu var və hakimlərdən xüsusi səlahiyyət tələb edir.
Məhkəmələrin texniki aparatının və işlərin azaldılmasından savayı, hakimlərin ümumi sayını da artırmaq tələb olunur. Hakimlərin sayı son illərdə iki dəfə artsa da, hətta indi hər 100 min nəfərə cəmi 6 hakim düşür (Avropada orta hesabla 20 hakim düşür). Buna görə də Prezidentin hakimlərin sayının daha 200 nəfər artırılması haqqında fərmanı bu istiqamətdə çətin ki son addım olacaq.
- Bəs “Elektron icra” sistemi necə işləyəcək?
- Elektron portal vasitəsilə məhkəmə qərarlarının icraatının gedişi haqqında tanış olmaq mümkün olacaq. Kağızsız kargüzarlıqdan və lazımi sənədlərin “itkisi”nin istisna edilməsindən əlavə, informasiya mübadiləsinə ayrılan vaxtın azalması da daha bir fayda olacaq.
“Elekton icra”nın azadlığın məhdudlaşdırılması ilə bağlı daha bir aspekt var. Vaxtilə Cinayət Məcəlləsindən mühakimə edilmiş şəxsin daim nəzarət altında qalmasına, eyni zamanda, hərəkət azadlığından istifadə etməyə imkan verən “azadlığın məhdudlaşdırılması” bəndinin çıxarılması hüquq müdafiəçilərini şoka salmışdı.
Mühakimə olunmuş şəxslər mütəmadi olaraq məmurlara görünməliydilər. Çoxları hesab edirdi ki, həmin məmuru maddi cəhətdən maraqlandırmaq və nəzarətsiz qalmaq, ümumiyyətlə, daha asan idi. Nəticədə sistem xeyli korrupsiyaya bulaşırdı, bu barədə qeyri-rəsmi olaraq kuluarlarda danışırdılar. Yekunda korrupsiyaçılarla mübarizə aparmaq əvəzinə, bu cəza növündən, ümumiyyətlə, imtina etmək qərarına gəldilər. Hərçənd o, Cinayət Məcəlləsinin bəzi maddələrini əhatə edirdi. Həmin maddələr üzrə real həbs müddəti vermək, yaxud azadlığı məhdulaşdırmaq olardı. Alternativsizlik Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cəzaları sərtləşdirdi. Məhbusların sayının çoxalması ilə həbsxanaların yüklənməsi də artdı.
İndi isə ayağa bilərzik taxırlar və kompüter artıq həmin vətəndaşların hərəkət marşrutlarını avtomatik izləyəcək. Nəzarətdən gizlənə bilmirsən, məmura da rüşvət vermirsən. Bu, “elektron icra”nın bizə nə verdiyinin bariz nümunəsidir. Hazırda 1400 məhkum ondan istifadə edir.
Rasim Babayev
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı