Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-də keçirdiyi 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən 673 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.
Ali məktəblərə IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Bu qrup üzrə imtahanlarda iki nəfər 700 bal toplayıb.