Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Nazim Nəbiyevin (adı və soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2022-ci il oktyabrın 18-də, gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən adsız kafedə qeydə alınıb.
Belə ki, Nazim Nəbiyev kafedə müştəri qismində tanışları ilə birlikdə rəqs edən zaman onlarla eyni vaxtda rəqs edən digər müştərilər, zərərçəkmişlər - Alim Məmmədov, onun qardaşı Qalib Məmmədov və Zakir Quliyevə (hər 3 şəxsin adı və soyadı şərtidir) toxunub. Buna görə zərərçəkmişlərdən biri tərəfindən ona irad bildirilib. Nazim isə əvvəlcə kafenin daxilində, sonra isə obyektin yaxınlığındakı küçədə onlarla mübahisə edib. Bu zaman Nazim bıçaqla Alimin bədəninin müxtəlif nahiyələrindən vurub və ona xəsarət yetirib. Daha sonra Nazim qardaşına kömək etmək istəyən Qalibə də bıçaqla bir neçə zərbə endirərək ona xəsarət yetirib. Təqsirləndirilən şəxs mübahisə zamanı Zakirin də aşağı ətraf nahiyələrindən bıçaqla vurub onun sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Nazim Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Nazimin cəzası 6 il 6 aya endirilib.