Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla intihar edən yazar Mövlud Mövlud haqda yazı qələmə alıb.
Oxu.Az Kulis.az-a istinadən həmin yazını təqdim edir:
“On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir.
On yeddi saniyə… Bu saniyələrin hansındasa bəlkə də yenidən geriyə uçub ayaqlarının damdan aralandığı yerə qayıtmaq istədin. Bəlkə də yox. Niyə bunu etdin — heç kim bəlkə də bilməyəcək.
Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.
Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım.
Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin, sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.
Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.
Arxanca baxıram və sən hələ də uçursan.
Mövlud… Mövlud…”
Qeyd edək ki, intihar edən yazar Mövlud Mövlud haqqında Milli Məclisin deputatı Fazil Mustafa AzNews.Az-a hələ intihar qərarına gəlməmiş onlarla insanın yan-yörəmizdə yaşadığını qeyd edib:
“Allah gənc yazarımız Mövlud Mövludun günahlarını bağışlasın və seçdiyi yolu başqa istedadlı insanlarımız üçün birdəfəlik bağlasın. Müəllim, yazar intihar edir. Başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır. İntihar bu qədər adiləşməyə başlayır.
Cəmiyyətdə olan sosial ədalətsizlik, işsizlik, yoxsulluq, ailə yolagetməzliyi - bütün səbəblər bu intiharların arxasında var. Nakam sevgi, üzücü xəstəlik, müalicə xərclərinin yetərsizliyi, əzizlərinin itkisi, bu və ya digər səbəbdən “el içində bədnam olma”, patronla yola getməmə, psixi depressiya, fiziki qüsurluluq kimi motivləri də buraya əlavə etsək, o zaman intihar etmək üçün səbəblərin sayını həndəsi silsilə ilə artırmaq mümkündür.
Dinimizin də intihara qarşı sərt münasibəti fonunda insanların belə bir qərar alması düşündürücü məqamlardan bəlkə də birincisidir. Fikrimcə, burada motiv olaraq əsas rolu siyasi, sosial, məişət, əqli xarakterli sıxıntılar deyil, insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmaması oynayır.
Bunun adına siyasi-kütləvi ədəbiyyatda sahəvi həmkarlar birlliyi və ya ittifaqı deyirlər, ancaq adın elə bir önəmi yoxdur. Sadəcə, bir gerçək qarşımızdadır ki, peşə olaraq, mənafe olaraq, fiziki çatışmazlıq olaraq sosiallaşan insanlar bir-birinə həm dəstək vermək üçün, həm də təsəlli vermək üçün çox işlər görə bilərlər”.
Deputat vurğulayıb ki, illərdir Azərbaycanda bu kimi birlik və cəmiyyətlər süni mexanizmlərə çevrildikcə, insanların bir-birinə qarşı həmrəylik duyğusu da azalmağa başlayıb.
E.Ə.
www.oxu.az