"Məcburi köçkünlərin statusu ilə bağlı müəyyən dəyişikliklərə dair ilk növbədə onu demək lazımdır ki, Azərbaycan dövlətinin prioritetlərindən biri daim həssas təbəqələrin sosial müdafiəsi ilə bağlı olub. Bu prosesin gücləndirilməsi, uğurla həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi qiymətləndirilməlidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, tarixə nəzər salanda Azərbaycan əraziləri Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdən bəri dövlətimizin məcburi köçkünlərlə bağlı çox ciddi sosial layihələr həyata keçirdiyini görərik:
"Təkcə son bir neçə ilə diqqət etsək, torpaqlarımız işğaldan azad ediləndən, məcburi köçkün anlayışı aradan qalxdıqdan sonra onların dövlətimizin himayəsi ilə əhatə olunduğunu görürük. Xüsusi ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra tamamilə yeni reallıqlar yaranıb və Azərbaycan dövləti ilk gündən "Böyük Qayıdış" proqramına start verib. Ərazilərin yenidən qurulması, müasir infrastruktur obyektlərinin tikilməsi, kənd və qəsəbələrin, şəhərlərin bərpası, təməlindən nəhəng layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu gün artıq keçmiş məcburi köçkünlərin əhəmiyyətli hissəsi öz ata-baba yurdlarında yaşayır və yenə də dövlətimizin qayğısı ilə himayə olunurlar. Onlar həmin ərazilərdə dövlət tərəfindən hədiyyə edilən ən müasir evlərdə yaşayır və sosial müdafiələrinin gücləndirilməsi yenə də dövlətin prioritet istiqamətlərindəndir".
"Təbii ki, növbəti dövrlərdə də keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı yeni mərhələ başlayacaq və proses tədricən daha da inkişaf etdirilərək bugünkü reallıqlara uyğunlaşdırılacaq. Bu baxımdan, dövlətimizin atdığı hər bir addım yüksək qiymətləndirilməli, keçmiş məcburi köçkünlərin statusları ilə bağlı müəyyən dəyişikliklər də bu mərhələnin tərkib hissəsi kimi başa düşülməlidir. Çünki bu addım həmin təbəqənin həm firavan yaşaması, həm də gələcəkdə öz doğma torpaqlarına uğurla qayıtmasına dəstək olacaq", - deyə ekspert əlavə edib.
Mərahim Nəsib