Futbol üzrə qarşıdan gələn dünya çempionatında yaşıl meydanlara çıxacaq ən yaşlı və ən gənc oyunçuların adları məlum olub.
Oxu.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin əfsanəvi hücumçusu Kriştianu Ronaldu yenidən mundialın ən yaşlı futbolçuları sırasında qərarlaşıb.
Turnirə start verilən zaman ulduz futbolçunun 41 yaş 126 günü tamam olacaq. Əgər Ronaldu bu çempionatda forma geyinərsə, misirli Essam Əl-Hədəri (45 yaş), kolumbiyalı Fərid Mondraqon (43 yaş) və kamerunlu Roje Millanın (42 yaş) ardınca mundial tarixində matça çıxan 4-cü ən yaşlı oyunçu olacaq.
DÇ-2026-nın ən yaşlı oyunçuları siyahısında Ronaldunu digər təcrübəli ulduzlar - Meksika millisinin qapıçısı Gilyermo Oçoa (40), xorvatiyalı yarımmüdafiəçi Luka Modriç (40), Bosniya və Herseqovinanın hücumçusu Edin Ceko (40), almaniyalı Manuel Noyer (40) və Kabo-Verde yığmasının çərçivə qoruyucusu Vozinya (39) izləyirlər.
Çempionatın ən gənc iştirakçısı isə Meksika yığmasının 17 yaşlı istedadı Xilberto Moradır. "Tixuana" klubunda çıxış edən futbolçu meydana çıxmaq şansı əldə edərsə, KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib Hövzəsi Konfederasiyası) zonasını mundialda təmsil edən ən gənc oyunçu ünvanını qazanacaq. Bununla da o, 1930-cu ildə Uruqvayda keçirilən turnirdə 18 yaşında iştirak etmiş həmvətəni Manuel Rosasın tarixi rekordunu qıracaq.
Gənc Mora Meksika seçməsinin Cənubi Afrika Respublikasına qarşı açılış matçında iştirak edəcəyi halda Pele (Braziliya), Salomon Olembe, Samuel Etoo (hər ikisi Kamerun), Femi Opabunmi (Nigeriya) və Norman Uaytsayddan (Şimali İrlandiya) sonra dünya çempionatları tarixinə düşən 6-cı ən gənc futbolçu olacaq.
Qarşıdan gələn mundialda izləyəcəyimiz ən gənc futbolçuların "beşliy"inə, həmçinin Çexiya millisinin yarımmüdafiəçisi Huqo Soçurek (18 yaş 4 gün), Almaniya təmsilçisi Lennart Karl (18 yaş 109 gün), Seneqal yığmasının hücumçusu İbrahim Mbaye (18 yaş 138 gün) və misirli Həmzə Əbdülkərim (18 yaş 161 gün) daxil ediliblər.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq DÇ-2026-da ümumilikdə 48 komanda mübarizə aparacaq.