“Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunub”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Heydər Əliyev - 100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sədrinin sözlərinə görə, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyev bütün ömrünü canından əziz sevdiyi Azərbaycanın inkişafına, tərəqqisinə, zəngin və qüdrətli ölkəyə çevrilməsi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəyə həsr edib.
M.Quliyev bildirib ki, Azərbaycan xalqı da öz liderinə həmişə dəstək verib, həmişə öz lideri ilə birlikdə olub:
“Çünki xalqın istəyi ilə onun liderinin fəaliyyəti bir-birini tamamlayırdı. Xalq əmin-amanlıq və ədalət istəyirdi, Heydər Əliyevin də bir rəhbər kimi əsas fəaliyyət istiqaməti bu idi. Xalq yaxşı yaşamaq üçün imkan, yaxşı işləmək üçün şərait axtarırdı. Heydər Əliyev də öz xalqının xoşbəxtliyi üçün çalışırdı. Xalq gerilikdən, ətalətdən, bürokratiyadan, rüşvətxorluqdan canını qurtarmaq istəyirdi. Heydər Əliyev də ədalətin təntənəsi, millətin və ölkənin yüksəlməsi naminə çalışırdı. Bütün siyasi fəaliyyəti və mübarizəsi boyu Heydər Əliyev öz doğma xalqına arxalanıb, öz xalqından dəstək alıb, nə edibsə, xalqı və Vətəni Azərbaycan üçün edib.
Ulu öndər öz xalqı ilə birlikdə, ona güvənərək, ona arxalanaraq qısa zamanda müasir Azərbaycan dövlətini qurdu, onun hüquqi, iqtisadi əsaslarını yaratdı, sosial inkişaf yolunu müəyyən etdi. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi, inkişaf etdi, Azərbaycan insanının sosial müdafiə və sosial rifahı siyasətinə çevrildi. Bu gün ölkəmiz öz ictimai-siyasi, iqtisadi həyatının bütün sahələrində olduğu kimi, sosial siyasət sahəsində də böyük uğurlara imza artmaqdadır”.
“Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünə məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar. Bu gün Azərbaycan vətəndaşı sabahından arxayındır, bilir ki, onun qüdrətli dövləti var. Bu gün Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır. Bilir ki, onu böyük qələbələrə aparan, əmin və firavan həyatını təmin edəcək cəsarətli və müdrik lideri var.
Təəssüf ki, Heydər Əliyevin böyük fədakarlığı sayəsində ovaxtkı SSRİ-nin ən qabaqcıl respublikasına çevrilən Azərbaycan 1988-93-cü illərdə SSRİ rəhbərliyinin düşmənçiliyi, respublikanın başında duranların səriştəsiz və dağıdıcı fəaliyyəti nəticəsində dərin siyasi, iqtisadi və sosial böhran, işğal və dağılma təhlükəsi ilə üz-üzə qaldı. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon dollar, büdcə gəlirlərimiz cəmi 100 milyon dollar təşkil edirdi. Təbii ki, belə bir şəraitdə işsizlik və yoxsulluq artırdı, inflyasiya 1250%-i ötmüşdü, yavan çörək belə çatışmırdı, maaşlar və pensiyalar aylarla verilmirdi”, - deyə komitə sədri vurğulayıb.
Rəylər