Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kürdə ekoloji fəlakətin səbəbi bilindi - RƏSMİ AÇIQLAMA
Ekologiya və Təbii sərvətlər Nazirliyi Kür çayınını suyunun kəskin azalmasına münasibət bildirib.
Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir:
“Bu ilin may və iyun aylarında ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin, Kür çayına tökülən çaylarda sululuq azalıb.
Bunun nəticəsində may ayının 15-dən başlayaraq 31-dək Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb, eyni zamanda, Kür çayının Mingəçevir su anbarından aşağıda Yevlax məntəqəsində suyun səviyyəsi 47 sm, Zərdabda 127 sm, Surrada 165 sm, Şirvanda 190 sm, Salyanda 154 sm, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub.
İyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axımda suyun səviyyəsinin tərəddüdü müşahidə edilib.
Ümumiyyətlə, çoxillik müşahidələrə görə, Kür çayının aşağı axımında yay dövründə hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda, suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib”.
A.Verdiyev bildirib ki, builki azalma isə ötən illərlə müqayisədə, bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb:
“Suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir. Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq.
Kürün suyu azalır. Bu da su defisiti kimi kompleks problemlərlə səciyyələnir. Belə ki, Kürün suyunun səviyyəsinin azalması, onun axarının sürətinin azalmasına da səbəb olur ki, bu da öz növbəsində xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur. Kür çayı Türkiyə və Gürcüstanın ərazisindən axaraq çirklənməyə məruz qalır.
Su ehtiyatlarından istifadə olunması ilə bağlı problemin həll olunması üçün hər bir region dövləti tərəfindən beynəlxalq tələblərə cavab verən su təmizləyici qurğular tikilməli, su qoruyucu texnologiyaların tətbiqi ilə bağlı tədbirlərinin görülməsi vacibdir”.
“Ölkə Prezidentinin sərəncamına əsasən, su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. Bu, su ehtiyatları ilə bağlı məsələnin ciddiliyini göstərməklə bərabər, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına təkan yaradacaq.
Bu gün biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli istifadə olunmasına bir siqnal olmalıdır”, - deyə o qeyd edib.
İlhamə Əbülfət
"Salyan" teqi üzrə xəbərlər
- İcra hakimiyyətinin əməkdaşının ailəsi ilə birgə həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Salyanda dəhşətli qəzada xəsarət alan uşağın vəziyyəti açıqlandı
- Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
- Salyanda yük maşınının çəni partladı: Xəsarət alanlar var
- Salyanda azyaşlı qohumlarına qarşı əxlaqsız hərəkətlər edən meyxanaçıya HÖKM OXUNDU
Rəylər