İyunun 30-da “Park INN Hotel”də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci il dönümü münasibəti ilə “Nərdin Çempionlar Liqası” keçirilib. “Mamedoff Group”un baş sponsorluğu və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Bakıda təşkil olunan “Nərd Çempionatı” öz nərd ustalarını müəyyən edib.
“Nərdin Çempionlar Liqası” başlığı altında keçirilən bu turnirə iki mindən çox həvəskar nərd ustası müraciət edib. Qeydiyyatdan keçənlər arasında nərd üzrə beynəlxalq dərəcəli idman ustaları, Avropa və dünya çempionatının qalibləri də olub.
Öz hünərini göstərmək üçün turnirə təkcə Bakıdan yox, Tovuz, Şəmkir, Yevlax, Quba, Siyəzən, Şamaxı və bir çox bölgələrdən də xeyli iştirakçı qatılıb. 500 dən çox iştirakçı arasında təşkil olunan çempionat gün boyunca davam edib.
Tədbir təşkilatçısı və baş sponsoru olan “Mamedoff Group” qaliblərə mükafatlarını təqdim edib. Belə ki, birinci yerin sahibi Xalidov Ağabala “Qızıl Zər Kuboku” və 1000 AZN, ikinci yerin sahibi İsmayılov Əkbər “Gümüş Zər Kuboku” və 750 AZN, üçüncü yerin qalibi Əsgərov Naib isə “Bürünc Zər Kuboku” və 500 AZN mükafat qazanıb. Bundan əlavə, yarışmaya qatılan bütün iştirakçılara da dəyərli hədiyyələr verilib.
Turnirdə Gənclər və İdman Nazirliyinin akreditasiyalı 25 dən çox hakimi və baş hakim Xanlar Qurbanov oyunlara nəzarət edib. Stolüstü oyunlara göstərilən marağı nəzərə alaraq “Mamedoff Group” Bakı və regionlarda davamlı olaraq bu oyunların çempionat və turnirlərini keçirməyi öz öhtəsinə götürüb.
Ölkə tarixində rekord sayda müraciətin və iştirakçının qatıldığı çempionatın qaliblərinə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının qərarı ilə “İdman Ustası” adı verilib.