Abşeron rayonunun Masazır kəndində "yoncalıq ərazisi" kimi tanınan hissədə yol uzun müddətdir yararsız vəziyyətdədir.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olib.
Qeyd olunub ki, 6 nömrəli məktəbdən qum bazarına doğru gedən hissədə illərdir bərpa olunmayan yol həm piyadalar, həm də nəqliyyat üçün keçilməz haldadır.


"Kənd camaatı yolu öz hesabına asfaltlamaq istəsə də, aidiyyəti qurumlar buna icazə verməyiblər. Səbəb olaraq yolun gələcəkdə Binəqədi istiqamətinə birləşəcək əsas magistrala çevriləcəyi və işlərin dövlət tərəfindən görüləcəyini deyiblər. Amma hələlik bu istiqamətdə hansısa addım atılmayıb.
Hazırda yolda su xəttinin partlaması səbəbindən ərazi keçilməz vəziyyətdədir. Avtobuslar da palçığa görə son dayanacağa daxil ola bilmirlər. Bu isə yüzlərlə insanın daha uzun məsafəni qaranlıqda və palçıq içində qət etməsi deməkdir. Bundan əlavə, küçələrdə sürü ilə gəzən sahibsiz itlərin artması da təhlükəni artırır. Xüsusən azyaşlılar və yaşlı insanlar üçün sahibsiz itlər daha böyük problem yaradırlar", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxili küçələr bələdiyyələrin balansında olduğu üçün yerli özünüidarəetmə orqanlarının büdcələri imkan verdikcə kənd ərazisində yolların abadlaşdırılması işləri həyata keçirilir:
"Bələdiyyələrin büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilməkdədir. Buna baxmayaraq küçələrin asfaltlanması həm Abşeron RİH, həm də yerli bələdiyyə tərəfindən daimi diqqətdə saxlanılır və bu işlər mərhələli şəkildə həyata keçirilir. Belə ki, son 4 il ərzində Masazır kəndində əsasən vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın adlarını daşıyan, o cümlədən onların ailə üzvlərinin yaşadığı küçələrdə və mərkəzi yollarda abadlıq, asfaltlanma işləri aparılıb".
Qeyd olunub ki, bu çərçivəsində təkcə ötən il ərzində kəndin 17 daxili küçəsində abadlıq işləri aparılıb. Həmin işlərin davamı olaraq bu il də beş adda (Abşeron, Şəfiqə Axundova, Şəhid Əsəd Əsədov, Seyid Əzim Şirvani və Şəfiqə Heybətova küçələri) küçə asfaltlanaraq sakinlərin istifadəsinə veriləcək:
"O cümlədən, Masazır 6 saylı tam orta məktəbin yerləşdiyi Abşeron küçəsi də əsaslı şəkildə abadlaşdırılacaq. Hazırda bu istiqamətdə həyata keçirilən sənədləşmə işləri son mərhələdədir və yaxın bir neçə həftə ərzində işlərə start veriləcək. Kənddə yeni salınan daxili küçələrin abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi kimi məsələlər daimi olaraq yerli bələdiyyənin nəzarətində saxlanılır".
Su xəttində baş vermiş qəza nəticəsində yaranan vəziyyətə gəlincə, icra hakimiyyətindən bildirilib ki, məsələ ilə əlaqədar RİH tərəfindən aidiyyatı qurumlara müraciət olunub.
"Sahibsiz heyvanların artması ilə bağlı artan müraciətlərlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" tərəfindən son bir neçə ay ərzində müvafiq tədbirlər həyata keçirilib. Həmin tədbirlərin davamı olaraq, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" PHŞ Abşeron rayonu (xüsusilə Masazır kəndində) ərazisində sahibsiz heyvanların yığılmasını həyata keçirib. Mərkəzin əməkdaşları tərəfindən itlər sığınacağa toplanılıb. Sığınacaqda itlər humanist metodla qısırlaşdırılır, quduzluq xəstəliyi əleyhinə peyvənd olunur və identikləşdirilir (qulaq birkası vurulur). O cümlədən xəstəliyə şübhəli heyvanlar baytar həkimi tərəfindən nəzarətinə götürülür. Sağlam və qısırlaşdırılmış heyvanlar öz areallarına qaytarılır. Sahibsiz itlər xüsusi təhlükəli yoluxucu, zoonoz və invazion xəstəliklərin mənbəyi hesab edilir. Dişləmələr nəticəsində zoonoz xəstəliklərdən olan quduzluğa yoluxmalar baş verir. Qeyd edək ki, itlər insanın vəfalı dostu olsa da, sahibsiz qalanda təhlükə mənbəyinə çevrilir.
Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalırlar. Əlbəttə ki, hər vasitə ilə it və digər heyvanların hücumuna məruz qalmağın qarşısını almaq, sonradan uşağı müalicə etməkdən daha yaxşıdır. Odur ki, profilaktiki tədbirlərin görülməsi vacib və zəruridir. Bu kimi tədbirlərimiz bundan sonra da davam etdiriləcək", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova