Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Metropoliten rəsmisi deputatın iradına cavab verdi
Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Onların yerinə xəttə buraxılan yeni qatarlarda isə kondisioner ve mikroiqlim şəraitinə nəzarət edən sistem mövcuddur.
Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunda havalandırma sistemlərinin standartlara cavab vermədiyini bildirərək, mövcud problemlərin həll olunmasının vacibliyini vurğulayan deputat Fazil Mustafanın fikirlərinə cavab olaraq deyib.
Onun sözlərinə görə, bu istiqamətdə görülən işlərə mütəmadi olaraq nəzarət var:
“Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Onların yerinə xəttə buraxılan yeni qatarlarda isə kondisioner ve mikroiqlim şəraitinə nəzarət edən sistem mövcuddur.
Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir. Əvvəllər yay-qış olaraq qrafik ildə iki dəfə qrafik dəyişirdisə, artıq bu dörd qrafiklə əvəz olunub. Bu da şəhərdə tətbiq edilən isitmə sistemi ilə də əlaqəlidir.
Mütəmadi olaraq monitorinqlər aparırıq. Hər gün mütəxəssislər metropolitenin mikroiqlim laboratoriyasında bu istiqamətdə işlər görür. Bu gün stansiyanın 15-20 nöqtəsində oksigen səviyyəsi, rütubətin, hava axınının və sürəti, hərarət xüsusi spektlər vasitəsilə ölçülür və nəzarətdə saxlanılır. Bu da mövcud havalandırma qurğularının imkanlarından konstruktiv istifadə etməyimizə imkan yaradır.
Bu gün köhnə qatarlar olduğu üçün onlara yeni havalandırma sistemlərinin qoşulması qeyri-mümkündür. Bunu istehsalçı şirkətlər də təsdiqləyir ki, köhnə vaqonlara bu sistemlərin qurulması yeni vaqon istehsalına bərabər bir işdir.
Hər bir vaqonun 31 il istismar müddəti var. İstismar müddəti bitən və ya vaxtından əvvəl hər hansı problemlərdən dolayı istifadəyə yarasız vaqonlar xətdən çıxarılır. Onların yerinə yeni alınan qatarlar buraxılır”.
Qurum rəsmisi bildirib ki, qatarlarda havalandırma ilə bərabər, sərnişin çoxluğu bu narahatlığa səbəb ola bilir:
“Sərnişinlərin çoxluğunu nəzərə alsaq da, tunelə beş vaqondan artıq buraxmaq mümkün deyil. Bunun üçün gərək yeni xətlər açılsın. Qatarlar arasında iki dəqiqədən az interval qoymaq mümkün deyil. Mövcud şərtlər arasında sərnişinlərin rahatlığını təmin etmək üçün “Bakı Metropoliteni” QSC əlindən gələ bütün tədbirləri görür.
Hazırda 25 müasir tipli vaqonumuz sərnişinlərin ixtiyarına verilib. Gələcəkdə alınacaq yeni nəsil vaqonlar da bu problemin tamamilə aradan qaldırılmasına xidmət edəcək”.
Könül Cəfərli
www.oxu.az
Rəylər