Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Meyvə-tərəvəz satdı, Rəşad Dağlı onun qohumunu qətlə yetirdi - Ələkbər Yasamallı haqda maraqlı faktlar - FOTO
Quliyev Ələkbər Akif oğlu 1979-cu ildə Bakıda doğulub. Evin tək oğlu olub. İki bacısı olub və atasını çox erkən, 42 yaşında itirib. Üz-üzə oturub çay içərkən atası yıxılır və dünyasını dəyişir. Sonradan bəlli olur ki, Akif kişi ürək çatışmazlığından dünyasını dəyişib.
Kulis.az məşhur meyxanaçı Ələkbər Yasamallı haqqında maraqlı faktları təqdim edir.
Ələkbərin əsli Bakının Saray kəndindəndir. Atası saraylı, anası isə neftçalalıdır.
Uşaqlıqda güləşə gedirmiş. İlk meyxanalarını da elə güləşdən çıxandan sonra yaşıdları ilə məşqdə və geyinib-soyunma otağında deyib. Ona meyxananı atası Akif kişi sevdirib. Atası sürücü olsa da, meyxanaya, qəzələ marağı olub. Ələkbər atasının yaratdığı şərait və dəvətlə Nizami Rəmzinin meyxanalarına qulaq asıb.
Güləş üzrə professionallaşmağa başladığı bir vaxtda 20 Yanvar hadisəsi baş verir və onların məşq etdikləri bina hərbi məqsədlə istifadə olunur. Bununla da Ələkbər Yasamallının güləş karyerası, demək olar ki, başlamamış sona çatır.
Atasını erkən yaşında itirdiyindən tibb bacısı olan anası uşaqlara çətinliklə baxıb. Ələkbər 13 yaşından müxtəlif yerlərdə, o cümlədən, meyvə dükanında işləyib. Sonra şəhərin abadlaşdırılması adı ilə həmin dükan da sökülüb. Öz sözlərilə desək, meyxana onun qanının arasına girib. Olduqca çətin günlər yaşayan Ələkbər tanındıqdan sonra artıq meyxana sayəsində həm maddi, həm də ictimai uğurlar qazanmağa başlayıb.
Ələkbər Yasamallı evlidir. İki qızı, bir oğlu var. Onun həyatında dönüş yaradan hadisə 2001-ci ildə baş verib. ANS-in təşkil etdiyi “De, gəlsin” layihəsinin ilk iştirakçılarından biri olan Ələkbər olduqca uğurlu çıxış edir və gəlib finala çıxır. Özü detallarını etiraf etməsə də, həmin layihədə ona qarşı xeyli haqsızlıqlar olunduğunu deyir.
Finalda isə maraqlı hadisə baş verir. Layihə boyu hər iki iştirakçıya mənəvi dəstək və istiqamət verən axund, Aydın Xırdalanlının ustadı Azər Sani finalda onların heç birinə kömək etmir. Hətta öz tələbəsi olan Aydına da deyir ki, sən finalda Ələkbərlə düşmüsənsə, mən heç birinizə kömək etməyəcəyəm. Gedib özünüz deyişin. Bu reallığı görən rəqiblər də televiziya rəhbərliyinə deyirlər ki, finalda ev tapşırığı istəmirlər. Televiziya rəhbərliyi buna etiraz edir. Lakin bu etiraz qarşılığında finalçılar finaldan imtina edəcəklərini, efirə çıxmayacaqlarını deyirlər. Nəticədə çarəsiz qalan televiziya və layihə rəhbərləri finalçılarla razılaşmaq məcburiyyətində qalırlar. Lakin finalçıların bu söz birliyini ANS rəhbərliyi də unutmur və Aydın Xırdalanlının qalib olduğu layihədə qalib və ikinci yer üçün nəzərdə tutulan pul məbləği iştirakçılara verilmir. Onlara yalnız diplom və hədiyyələr təqdim edilir.
Ələkbər Yasamallının əsl adı Ceyhun olub. Ələkbər isə nənəsinin itkin düşmüş qardaşının adı olub. Atası Ələkbərə öncə Ceyhun adı qoyurmuş. Daha sonra Ceyhun adını əmisi oğluna qoyublar.
Meyxanaçılarla dərdini bölüşmədiyini deyən Ələkbər buna səbəb kimi meyxanaçıların bir-birinə rəqib olmalarını göstərir.
Müsahibələrinin birində isə meyxananın sürətli addımlarla uçuruma gedən bir sənət olduğunu deyir.
Onun sözünə görə, erməni prezidentini söyən ilk meyxanaçı olub. O, Sarqsyanı söyəndən sonra hamı söyüş obyekti kimi erməni dövlət rəhbərlərini seçib.
Ələkbər Yasamallı yeni-yeni tanınmağa başladığı vaxtlarda toyda iştirak edərkən eyni mərasimdə Xalq artisti Fəxrəddin Manafov da olur. Ələkbər aktyora yaxınlaşaraq onunla şəkil çəkdirir. Fəxrəddin Manafov da fotoqrafa deyir ki, bu şəkildən iki dənə çıxarın, qoy mənim də Ələkbərlə şəklim olsun.
2022-ci ilin yanvar ayında Ələkbər Yasamallının hərbi xidmətdən yeni qayıdan bacısı oğlu, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asır. Bu hadisə Ələkbərə çox pis təsir edir. O, mətbuata açıqlama verərkən bacısı oğlunu övladı qədər çox istədiyini, 40 yaşında bala dağı gördüyünü deyir.
Ələkbər Yasamallı meyxanaçı olmaqla yanaşı, həm də hazırcavablığı və məzəli atmacaları ilə tanınır. Onun müsahibələrində, deyişmələrindəki atmacaları insanlar, adətən, xeyli sonra başa düşürlər.
2005-ci illərə qədər meyxana aləminin ən yaxşılarından idi. Son illər isə meyxanaçılar arasında ən güclülər sırasında adı hallanmır. Özü də son illər deyilən meyxanaları və meydanları bəyənmir. O, asta ritmli, avazlı, klassik meyxanaları xoşlayır və toylardakı səs-küy və hiperaktivlik fonunda deyilən meyxanaları sevmir. Ələkbər qeyd edir ki, ürəklərdə gözəl meyxanaçı kimi yox, gözəl insan kimi qalmağı daha önəmli sayır.
Bu ilin noyabr ayında meyxanaçının yaxın dostu, həmkarı Rəşad Dağlı Ələkbərin əmisi oğlunu bıçaqlayaraq qətlə yetirir. Xəbəri eşidən Ələkbərin halı pisləşir, onu xəstəxanaya aparırlar. O hadisədən sonra Ələkbər mətbuata bu barədə heç bir açıqlama vermir.
"Aydın Xırdalanlı" teqi üzrə xəbərlər
- Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
- Elza Seyidcahan: “Allahın əl işini bəyənməyən məni necə bəyənsin?” - MÜSAHİBƏ + FOTO
- 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ
- Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi? - FOTO
- Əminə ilə Pərviz arasında çaxnaşma daha da ALOVLANDI: “Musiqiyə qarışmasın, döyərəm” + ÖZƏL AÇIQLAMA + FOTO
Rəylər