Azərbaycan Respublikasının Prezidenti bu gün Vaqif Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, Vaqif Qurbanov müstəqil Azərbaycanın hərbi aviasiya tarixində ilk təyyarəçi kimi xüsusi yer tutur.
O, 1967-ci il dekabrın 30-da Bakıda anadan olub, əslən Tovuz rayonunun Qovlar kəndindən olub. 1989-cu ildə Rusiyanın Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib və SSRİ Hərbi Hava Qüvvələrinin tərkibində zabit kimi xidmətə başlayıb.
Birinci Qarabağ müharibəsi dövründə Vaqif Qurbanov 1992-ci ilin aprelində "Su-25" tipli hərbi təyyarəni Sitalçayda Rusiyaya məxsus hərbi hissədən Azərbaycan tərəfinə keçirərək ölkənin hərbi hava qüvvələrinə ilk döyüş təyyarəsini qazandırıb. Bu addım Azərbaycan ordusunun formalaşmasında mühüm mərhələ hesab olunur.
Qurbanov daha sonra Şuşa, Əsgəran, Martuni (26 noyabr 2021-ci ildə Xocavənd adlandırılib və ləğv edilmiş Hadrut rayonunun tərkibinə qatılıb) və digər istiqamətlərdə döyüş tapşırıqlarını yerinə yetirib. Onun idarə etdiyi "Su-25" təyyarəsi 12 iyun 1992-ci ildə düşmənin müdafiə xəttini yararaq 20-yə yaxın yaşayış məntəqəsinin azad olunmasında iştirak edib.
13 iyun 1992-ci ildə Goranboy-Ağdərə istiqamətində döyüş uçuşu zamanı Vaqif Qurbanovun təyyarəsi Əsgəran yaxınlığında düşmən tərəfindən vurulub. Paraşütlə atılmasına baxmayaraq, yerə endikdən sonra erməni silahlıları tərəfindən atəşə tutulub və həlak olub.
Vaqifin Qurbanovun sağ olub-olmaması barədə uzun müddət Azərbaycan tərəfində dəqiq məlumat olmayıb. Şayiə yayılıb ki, Vaqif minalanmış əraziyə düşüb. Kəşfiyyat dəstəsi həmin yerə yollansa da, əliboş dönüb.

Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının sədri Namiq Abbasovun göstərişi ilə Vaqif Qurbanovla bağlı araşdırma aparılıb. Amma bu da bir nəticə verməyib.
2014-cü ildə Vaqif Qurbanovun döyüş yolu, xüsusilə də onunla birlikdə aviasiya alayında xidmət edən, təyyarənin texniki Məmmədovun və aviamexanik Quliyevin köməyi ilə "Su-25" markalı hərbi təyyarəni qaçırmalarından bəhs edən "Mən evə qayıdıram" filmi çəkilib.
Aqil Vəlili