Oxu.Az Qafqazda Ruandanın kimsəsiz uşaqları üçün xeyriyyə məqsədilə pul yığmağı qərara alan iki lüksemburqlu velosipedçilər - Mişel Donkel və Bernar Moro ilə müsahibəni təqdim edir:
- Öncə özünüzdən danışın. Siz peşəkar velosipedçisiz, yoxsa sizin başqa sənətiniz də var?
M.D. Mən maliyyə sahəsində işləyirəm.
B.M. Mənim isə şəxsi şirkətim var.
- Nəyə görə iki lüksemburqlu oğlan ruandalı kimsəsiz uşaqlar üçün burada – Qafqazda pul yığmaq fikrinə düşüb? Bu ideya necə yarandı?
M.D.: Bu iki anlayış bir-biri ilə əlaqəli deyil. Biz belə velosiped yarışlarını iki ildən bir keçiririk və məqsəd hər zaman xeyriyyəçilik olub. Keçən il 13 velosipedçi Lüksemburqdan Vyanaya gedib. Bizim ölkədə tanış təşkilat var, onlar Ruandada uşaqlara yardım edir. Onlar vəsaitə ehtiyacları olduğunu dedilər. Biz də onlara bu yolla yardım etməyi qərara aldıq. Bilirəm, bir qədər qəribə səslənir, amma biz Azərbaycan və ya Gürcüstan üçün xeyriyyə aksiyası keçirmək istərdik, lakin burada xeyriyyəçilik inama əsaslanır. Tanışımız yoxdur, ona görə də yığılan pulların aqibətinin necə olacağını bilməzdik...
- Bu sizin bu qəbildən olan ilk səyahətinizdir?
M.D.: İlk dəfə mən də Lüksemburqdan Parisə səyahət etmişəm. 2012-ci ildə Lüksemburqdan Londona səyahət etmişik. Keçən il Lüksemburqdan Venaya min kilometrlik marafon baş tutub. Bu il mən nə isə başqa bir şey etmək təklif etdim, Lüksemburqdan səyahət etməməyi, özümüz üçün yeni bir ölkə açmağı təklif etdim. Əvvəlcə biz yalnız velosipedlərlə gedirdik, bütün ləvazimatı isə maşına yığırdıq. Bu dəfə isə əşyaları özümüzlə gətirdik, belə ki, bu il işə başqa cür yanaşdıq.
- Niyə məhz Qafqaz?
M.D.: Planetin digər tərəfinə velosipeddə səyahət etmək fikri mənim fikrimdir. Əgər dürüst olsaq, mən sadəcə Google Maps-də baxırdım və hər zaman Qara dəniz sahilində səyahət etmək istəmişəm, amma məlum səbəblərdən bu ərazidə vəziyyət mürəkkəbdir. Ona görə də qərara aldım ki, bir dənizdən o biri dənizə qədər səyahət edim. Baxdım ki, Qara dənizdən Xəzər dənizinə qədər yol 1000 kilometrdir, və biz hər zaman turistlərin çox olmadığı ölkədə olmaq istəmişik.
- Batumiyə ilk gəldiyinizdə ilk təəssüratlarınız necə oldu?
M.D.: Çox xoş oldu. Amma biz yollarda heyvanlara: inək, donuz, it, toyuq və cücələrə rast gəlməyi gözləmirdik. Hər tərəf təmiz idi. İnsanlar təbiəti qoruyur. Bu, həm Gürcüstanda, həm də Azərbaycanda müşahidə edilir. İnsanlar gülərüz və yardımsevərdirlər.
- Yol boyu başınıza gələn ən maraqlı hadisə hansıdır?
M.D.: Bu, Sairmmidən Kaxetiyə gedərkən baş verib. Biz 2000 metr hündürlüyə qalxdıq və maşınımız xarab oldu, ətrafda isə heç kim yox idi... Ümumiyyətlə, heç kim. Biz 5-7 kilometr irəliləyərək yaşayış məntəqəsinə çatdıq. Onlar bizə maşını və əşyalarımız kəndə gətirməyə yardım etdilər. Bundan başqa təşkilati çətinliyimiz olmayıb.
Azərbaycanda Balakəndən Qaxa qədər olan yolda əziyyət çəkdik. 50 km məsafəni dağ velosipedlərində qət etməli olduq. Eləcə də Şamaxıda kredit kartı ilə problemlərimiz oldu, belə ki, otel yalnız nağd pul qəbul edirdi.
Gürcüstan-Azərbaycan sərhəddini də keçmək şən oldu, çünki sərhədçilər sərhəddi velosiped ilə keçən görməmişdilər. Amma problem olmadı.
Balakəndə olanda zəlzələnin mərkəzində olduq. Mən futbola baxırdım, Bernard öz işləri ilə məşğul idi. Amma çox silkələnmədi, səhərisi Lüksemburqdan dostlarımız zəng edib vəziyyətimiz ilə maraqlanırdılar. Bu da çox həyacanverici idi.
B.M.: Mənim üçün Gürcüstanda maşının sıradan çıxması narahatçılıq doğurdu. Belə ki, iki kəndi birləşdirən yol, yol deyildi. Sadəcə cığır idi.
- Batumidən Bakıya səyahətiniz neçə günə baş tutdu?
M.D.: Bu səyahət 13 günümüzü aldı. Yola 22 iyunda düşdük, 11 günə velosiped ilə yol getdik və 2 günümüz var idi ki, Tbilisidə və Şəkidə dincələk. Biz ümumilikdə 900 kilometr yol qət etdik.
- Ruanda uşaqlarına yardım etmək üçün nə qədər pul topladınız?
M.D.: Bu gün üçün 6-7 avro toplamışıq. Amma biz xeyriyyə təşkilatından təsdiq cavabı almalıyıq, belə ki, bəzən pullar gec də gəlir.
- Yol boyu rastlaşdığınız insanlar sizə xeyriyyə üçün pul verirdilərmi? Onlara iki lüksemburqlu oğlanın Qafqazda Ruanda uşaqları üçün pul yığmaları qəribə gəlmirdimi?
M.D.: Biz bunu etməyi planlamırdıq. Biz bunu gözləmirdik. Onlar gülərüz və yardımsevər idilər, bu, kifayət edirdi.
- Pullar əsasən nəyə sərf ediləcək?
M.D.: Pullar əsasən QİÇS virusundan valideynlərini itirən kimsəsiz oğlanlar üçün düşərgənin tikilməsinə sərf ediləcək. Eləcə də velomağazanın tikilməsi nəzərdə tutulur, belə ki, lager özünü təmin etməyi bacarmalıdır.
- Yəqin bilirsiniz ki, Gürcüstan və Azərbaycanın köçkünlər, işğal kimi öz problemləri var. Belə bir aksiyanın yerli insanlar üçün keçirilməsini və ya öz ölkənizdə vəziyyət barədə həqiqəti çatdırmağı düşünmüsünüzmü?
B.M.: Bizim bugünkü məqsədimiz Qara dənizlə Xəzər dənizini – Batumi ilə Bakını birləşdirmək idi. Biz bura gələndə bizə burda oğurlanacağımızı, öldürüləcəyimizi, yeyiləcəyimizi, buranın çox təhlükəli olduğunu və s. deyirdilər. Məncə region ölkələri üçün ən böyük xeyriyyəçilik ölkəmizə getdiyimiz zaman bizim buradakı problemlərdən danışmağımız, Azərbaycan və Gürcüstanda elə də təhlükəli deyil, bura hətta vaxt keçirməyə belə gəlmək olar. Hər iki ölkə gözəldir və insanları çox mədəni və mehribandırlar.
- Sizcə Zaqafqaziya regionu insanları ilə Lüksemburq insanı arasında ümumi nə isə var?
M.D.: Xeyr. Burada kənd camaatı çox mehribandır. Yolda rastlaşdığımız hər kəs bizi çay süfrəsinə dəvət edirdi. Əgər hər kəsin dəvətini qəbul etsəydik, düşünürəm ki, səfərimizi 2050-ci ildə bitirərdik. Yolda maşınlar siqnal verirdi, yoldan çəkilməyimiz üçün deyil, sadəcə belə salamlaşırdılar. Qərbi Avropada belə bir şeylə rastlaşmazsan, olsa da nadir hallarda.
- İki ölkəyə – Azərbaycan və Gürcüstana nə məsləhət görərdiniz?
M.D.: Azərbaycanın turistlərə təklif edəcəyi çox şey var. Viza alma sadələşdirilsəydi yaxşı olardı. Viza üçün ödənişdən söhbət getmir, vizanın alınma prosesindən danışıram. Gürcüstanda olanda biz Gürcüstan və Aİ arasında assosiasiya barədə müqavilənin imzalanması bayramına təsadüf etdik. Mən fərdiliyinizi itirmədən, olduğunuz kimi qalmağı arzu edərdim. Mədəniyyətinizi qorumağı, olanlarla qürur duymağı dilərdim. Həddən artıq qloballaşmaq lazım deyil.
B.M.: Mən hər iki tərəfə bir-birinə qarşı açıq olmağı arzu edərdim. Ölkələr arasında baryerin olması təəssüratı yaranır. Sərhəddə hər şey çox ciddidir, düşünürəm ki, bu ölkələrin insanları bir-birini anlamır.
Şamil Əlibəyli
www.oxu.az