Kubra Məhərrəmova yazır...
Məlum Buzovna hadisəsindən sonra tövbə eləmişəm ki, Bakının, Azərbaycanın, ümumiyyətlə məkan adı çəkməyim. Nə kənd, nə də şəhər.
Ayıbdır, Azərbaycanda fahişə, oğru-dələduz nə gəzir?
Bizim insanımız dünyanın ən gözəl, ən namuslu, ən qeyrətli adamıdır.
Bizdə narkotik ümumiyyətlə yoxdur. Narkoman heç yoxdur. Sadəcə bizim hüquq-mühafizə orqanlarımız qonşu ölkələrə yardım məqsədilə narkokuryerləri həbs edir, qonşu ölkələrdə dələduzluq edənləri məsuliyyətə cəlb edirlər. Bəli, Azərbaycanda heç kim fahişəliklə məşğul deyil. Heç kimin bank kartından pullar oğurlanmır. Heç bir binada bir mənzil beş adama satılmır. Heç kim iş yoldaşına pis gözlə baxmır. Heç kim başqasının qızına-gəlininə söz atmır. Bizdə heç kimin arvadı başqasına qoşulub qaçmır. Bizim sosial şəbəkələrdə heç kim qışqıraraq, əxlaqsızlıq edərək, söyüş söyərək pul qazanmır. Hamısı xarici ölkələrdədir.
Uzaq ərəb ölkələrindən Azərbaycana ölkəmizin qədim tarixini, mədəniyyətini öyrənmək üçün gəlirlər. Uzaq Hindistandan isə qədim sivilizasiyanın izlərini Bakıda axtarmaq üçün səfər edirlər. Əlaqələr ancaq və ancaq mədəni və tarixi münasibətlər üzərindən qurulur.
Hamının tanıdığı "Torqovaya" küçəsində isə gecə saatlarında intellektual oyunlar və yarışlar keçirilir. Özü də beynəlxalq səviyyədə. Bu oyunlarda öz intellekt və savadına güvənən hər kəs iştirak edə bilər.
Xarici dil biliyi isə o qədər də vacib deyil. Əsas intellektdir. O da ki, ortadadır. Bu intellekt tüğyan edir. Bütün dünyaya səs salıb.

Bu gün isə məlum olub ki, "TikTok" sosial şəbəkəsində insanlara qarşı dələduzluq edən iki qadın məsuliyyətə cəlb olunub. Hər ikisi niqabda, dini pərdə altında özlərini izləyicilərə "seçilmiş", "müqəddəs", "vergili" insanlar kimi təqdim edib, onları izləyənlərin həyat yollarını açacaqlarını vəd edərək böyük miqdarda pul alıblar. Fəaliyyət istiqamətlərində "yolları açmaq", "ağırlıqlar götürmək", (görəsən axırıncı dəfə neçə kiloqramlıq ağırlıq qaldırıblar?) "mülk satışı" (burada fəaliyyət istiqaməti genişlənir, maklerlik edirlər), daha sonra "qazanc", "cadu-əməl işləri", "ailə möhkəmləndirilməsi", "küsənləri barışdırmaq" kimi humanist niyyətlərini ortalığa qoyublar. Təbii ki, bu qədər işi pulsuz görmək olmaz, ona görə də başlayıblar kart atmağa ki, buyurun ödəniş edin.
Hüquq-mühafizə orqanları bu iki şərik "vergili müqəddəsi" həbs edəndə hələ onlara da hədə-qorxu gəliblər ki, "bizi həbs edə bilməzsiniz, bir dənə cadu edərik, ikiqat olarsınız".
Hə, indi deyin görək bu "mübarəklər" hansı ölkənin vətəndaşlarıdır? Hansı şəhərin, hansı kəndin sakinləridir?
Mən qələt edərəm, nəsə deyərəm. Nəyimə lazımdır? Amma dedilər ki, ABŞ-nin Texas ştatında bir kənddə qalırlar.