Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a daxil olan məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Ölkədə dünyəvilik konstitusiyada öz əksini tapıb və bununla yanaşı “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib:
“Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır. DQİDK-nin təsis olunmasının başlıca məqsədi dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarətdir. Burda bir incə məqam var. Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir”.
Onun sözlərinə görə, ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var.
“Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik”.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri rayon ərazisində yerləşən “Mir Mövsüm ağa” ziyarətgahında olub.
Elvin Əhmədov
www.oxu.az