İkinci qrup müddətsiz əlilliyi olan və autizm diaqnozu ilə qeydiyyata alınan Bakı sakini Ağakərim Abdullayev mütəmadi olaraq hərbi tibbi müayinələrə çağırılır.
Bu barədə Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşın atası məlumat verib.
O bildirib ki, oğlunun şəxsi telefonu olmadığından çağırışla bağlı bildirişlər onun nömrəsinə göndərilir:
"Dəfələrlə izah etmişəm ki, övladım ikinci qrup müddətsiz əlildir. Buna baxmayaraq, bizi bir komissiyadan digərinə göndərirlər. Keçən il də müayinədən keçdik, psixiatr rəy verdi. Ancaq yenidən çağırışlar başlayıb. İndi onu qan analizinə göndərirlər. Həkimlərdən qorxduğu üçün damarından qan götürmək, demək olar, mümkün deyil".
Valideynin sözlərinə görə, bu proses ildə bir neçə dəfə təkrarlanır. Ailə övladının hərbi xidmətə yararsızlığını təsdiqləyən müvafiq sənədi əldə etmək və davamlı çağırışlara son qoyulmasını istəyir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib ki, 2006-cı il təvəllüdlü Ağakərim Abdullayev 29 oktyabr 2025-ci ildə yekun tibbi müayinədən keçirilib.
Qurumun məlumatına görə, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə uyğun olaraq, psixi xəstəliklərlə bağlı qərar verilərkən ixtisaslaşmış səhiyyə müəssisələrinin təqdim etdiyi arayış və tibbi çıxarışlar əsas götürülür.
Vətəndaşla bağlı təqdim edilən sağlamlıq vəziyyətinin müayinə aktında yalnız "mülayim kəkələmə" və "nevrotik reaksiyalar" diaqnozlarının qeyd olunduğu bildirilib. Bu səbəbdən onun ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə edilməsi və diaqnozunun dəqiqləşdirilməsi məqsədilə altı ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunması barədə qərar qəbul edilib.
Agentlikdən qeyd olunub ki, çağırışçıların yekun tibbi müayinəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada rəsmiləşdirilən və müvafiq sistemə daxil edilən sənədlər əsasında aparılır.
Hazırda vətəndaşa verilən möhlət müddəti başa çatsa da, yeni göndəriş rəsmiləşdirilməyib. Yeni "Forma 44" sənədi elektron sistemə daxil edilərsə, agentlik tərəfindən onun təkrar əyani müayinəsi aparıla bilər.