Tokio sakinlərinin telefonlarına ekstremal isti ilə əlaqədar yüksək təhlükə barədə bildirişlər göndərilib.
Oxu.Az xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi yayıb.
Bazar ertəsi, iyulun 20-də Tokioda termometrlərin 36 dərəcəni göstərəcəyi ehtimal olunur. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, ölkənin daha 38 prefekturasında da isti ilə bağlı xəbərdarlıq qüvvədədir. Beləliklə, 47 prefekturadan 39-da yüksək hazırlıq rejimi elan edilib.
Tokio ilə qonşu olan Saytama prefekturasında 38 dərəcəyədək isti gözlənilir, Naqoya, Kioto, Yamanasi, Qifu və Fukuidə isə hava 37 dərəcəyədək qızacaq. Ölkənin əksər regionlarında temperatur iqlim normasından 2-7 dərəcə yüksək olacaq. Tokioda göstəricilər ilin bu vaxtı üçün orta dəyərlərdən təxminən 6 dərəcə yüksək olacaq.
Sinoptiklər isti havanın bütün həftə ərzində davam edəcəyini proqnozlaşdırırlar. Yaponiyanın əksər regionlarında temperatur sabit olaraq 30 dərəcədən yuxarı olacaq. Tokioda 37 dərəcəyədək, Naqoyada isə havanın 40 dərəcəyədək qızacağı gözlənilir.