Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun barəsindəki cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadəsinin dinlənilməsi ilə davam edib.
Şahid S.R ailə vəziyyəti ilə əlaqədar evə ehtiyacı olduğunu deyib:
"Hərbi şəhərcikdə ev boşaldı. Mən 2 otaqlı ev üçün Əvəz Rüstəmova müraciət elədim. Dedilər ki, işini onunla görməsən, ortada qalacaqsan. O, məndən 3 min manat pul istədi. Məbləğə gücüm çatmadığını dedim. Rüstəmov "qiymət budur" deyib, sözündən dönmədi. Pulum çatmadığından evi ala bilmədim".
Təqsirləndirilən Əvəz Rüstəmov şahidin yalan danışdığını iddia edərək, ona ev üçün müraciət edilmədiyini və pul istəmədiyi deyib.
Növbəti iclas 29 oktyabr saat 11:00-a təyin olunub.
Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.
Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.