Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclası keçirilir.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, iclasın əsas məqamlarından biri Məşvərət Şurasına sədrliyin Özbəkistandan Azərbaycana keçməsi ilə bağlıdır.
İclasda Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılır. Tədbirdə ölkəmizdə son illər həyata keçirilən sosial islahatlara da diqqət çəkilib. Bildirilib ki, 2018-2026-cı illər ərzində Azərbaycanda 4 milyon insanı əhatə edən beş sosial islahat paketi həyata keçirilib. Sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən hər il təxminən 8 milyard manat vəsait ayrıldığı qeyd olunub.
İclasda Azərbaycanda məşğulluq sahəsində əldə olunan nəticələrə dair statistik göstəricilər də təqdim edilib. Qeyd olunub ki, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi iki dəfə, işlə təmin olunanların sayı 3.6 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2.7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı isə 7.1 dəfə artıb. Əməkhaqqı və pensiyaların artırılması istiqamətində görülən tədbirlərdən də bəhs edilib.
Bildirilib ki, minimum əməkhaqqı 3.1 dəfə, ortaaylıq əməkhaqqı 2.1 dəfə, minimum və ortaaylıq pensiyalar isə təxminən üç dəfə artırılıb. Sosial xidmətlərin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlər də diqqətə çatdırılıb. Xüsusilə DOST mərkəzlərinin fəaliyyəti, vətəndaşlara xidmətlərin "bir pəncərə" prinsipi əsasında göstərilməsi və müraciətlərin daha operativ həlli qeyd olunub. Həmçinin Azərbaycanın sosial müdafiə və məşğulluq sahəsində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə qiymətləndirildiyi, bu istiqamətdə görülən işlərin 300-dən çox beynəlxalq mükafat və sertifikata layiq görüldüyü bildirilib.