İnsanlar yayılan qripi ikinci qrip dalğası adlandırırlar. Buna səbəb isə, oktyabrda kütləvi şəkildə yayılan qrip virusundan sonra yenidən bu xəstəliyə yoluxanların sayının artmasıdır. Hətta ictimaiyyətdə belə bir fikir formalaşıb ki, dərman mafiyası qəsdən bu xəstəliyi yayır. Bəs, epidemiyanın geniş şəkildə yayılmasının səbəbi nədir? Niyə qrip, boğazağrısı, yüksək hərarət insanların canından çıxmır? Doğurdanmı, dərman mafiyasının bu işdə əli var?
Oxu.Az xəbər verir ki, qaynarinfo.az-ın suallarını Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev cavablandırdı. Baş epidemioloq bildirdi ki, bu yoluxucu xəstəlik həmişə olub və olacaq:
“Qrip ilin hər fəslində olur. Ancaq hava temperaturu aşağı düşdükdə bu xəstəliyə yoluxma ehtimalı daha da artır. Bunun da artmasına səbəb əhalinin özüdür. Soyuq hava temperaturuna uyğun geyinmək vacib şərtdir. Əhali özü sağlamlığının qeydinə qalmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qabaqlayıcı tədbirlər aparır. Qış fəsli daxil olmamışdan öncə, nazir tərəfindən qabaqlayıcı tədbirlər barəsində əmr imzalanmışdı. Bütün tibb müəssisələri hazırlıqlıdır və istənilən müraciət edən şəxsə dərhal yardım göstərilir. Yaxşı olardı ki, hər bir xəstə sahə həkiminə, yaşadığı ərazi poliklinikasına müraciət etsin. Bununla bağlı, vahimə və qorxuya düşməyə heç bir səbəb yoxdur”.

Dərman mafiyasının bu xəstəliyi qəsdən yayması məsələsinə baş epidemioloq belə reaksiya verdi:
“Bu mümkünsüz bir şeydir. Yoluxucu xəstəlik elədir ki, istər mafiya, istərsə də qeyri-mafiya olsun, varsa yayılacaq. İkinci məsələ isə budur ki, dərman vasitəsi ilə heç kəs külli miqdarda qazana bilməz. Belə bir şey yoxdur. Bizim ölkəmizdə nə dərman satanlar, nə də həkimlər xəstəliyin yayılmasını arzulamırlar”.
A.M.