Bu gün bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycanda ilk rok operettanın müəllifi Oqtay Kazıminin doğum günüdür.
Oxu.Az xəbər verir ki, 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olan O.Kazımi orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olub və Hacı Xanməmmədovun sinfində təhsil alıb. Musiqi məktəbində oxuyarkən “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələyib.
O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinfində təhsil alıb. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə O.Kazımi “Eksperiment” estrada orkestrini yaradıb. Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib.
O.Kazıminin mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer alıb. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa edib. Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi (“Millətin oyaq gecəsi”) vokal simfonik poeması, “Qarabag rapsodiyası”, Təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik Dram Teatrında səhnəyə qoyulmuş “Büllür sarayda”, “Qılınc və Qələm” və s.), Rus Dram Teatrında səhnələşdirilmiş “Şeyx Sənan”, Kamera teatrında səhnəyə qoyulmuş “İtlər”, Musiqili Tamaşa Teatrında səhnələşdirilmiş operettaları dillər əzbəri olmuş, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı, tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənmişdir.
O.Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür.
O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti 9 avqust 2010-cu ildə vəfat edib.
A.S.
www.oxu.az