Qan Turalı yazır...
Nəhəng dəyişikliklərin astanasında yaşayırıq. Qutenberqin çap maşınından sonra dünya necə oldu? Ya da İngiltərədəki sənaye inqilabı nələri dəyişdi? Müasir dünyada inqilablar, çevrilmələr bir göz qırpımında baş verir.
Gələcəyi proqnozlaşdıran futuroloqların heç biri internet fenomenini görə bilmədilər. Elə interneti işlədənlər də. İlk zamanlar sadəcə alimlər arasında sürətli informasiya mübadiləsini təmin edirdi. Bu gün isə həyat ora köçürülür. Onsuz həyatımızı təsəvvür etmək mümkünsüzdür. İnternetdən yemək sifariş edirik, taksi çağırırıq, kontur yükləyirik, kreditimizi ödəyir, dostlarımızla danışır, xəbərləri oxuyur, filmlərə baxırıq.
Bu sadəcə bir başlanğıcdır. Metavörs (metaverse) başlayır...
Metavörsün lüğəti mənasının “kainatın fövqü” olduğunu qeyd edib təsvirə keçək.
“Facebook” şirkəti adını dəyişdirərək “Meta” adlandı. Bu şirkətin növbəti dövrdə fəaliyyətini Metavörs üzərində cəmləşdirəcəyinin siqnalı idi. “Meta”nın sahibi və CEO-su Mark Zukerberq oktyabrın 28-ində Metavörs haqqında etdiyi təqdimatda gələcəkdə “Meta”nın media şirkəti kimi yox Metavörs şirkəti olacağını elan etdi. Ancaq ekspertlər “Meta”nın erkən təqdimatına baxmayaraq, digər böyük şirkətlərin də çoxdan Metavörslə məşğul olduğunu bildirir.
Bəs nədir bu Metavörs? “Facebook” hamıya tanış olduğu üçün oradan misal verək. Biz hamımız öz şəklimizlə, profilimizlə, paylaşdığımız videolar və yazdığımız qeydlərlə “Facebook”dayıq. Burda hər hansı mövzularda linçlə məşğul olur, bir-birimizin şəkillərini “like” edir, müzakirələr aparır, bəzən isə qeybət edirik. Buraya qədər aydındır. Bəs dostunuzla şəhərə getmək istəsəniz, necə edəcəksiniz? Evdən çıxıb, taksiyə minib şəhərə gedəcəksiniz. Həmişəki kimi...
Metavörs isə sizə evdən çıxmadan dostunuzla şəhərə getmək imkanı verəcək. Necə? Metavörs dediyimiz kimi kainatın fövqüdür, orada yeni bir dünya var. Getmək istədiyiniz şəhər də, gəzmək istədiyiniz küçə də. Fərq etməz, Bakı ya Tiflis... Sizin orada da bir avatarınız, bir surətiniz olacaq. Dostunuzun da eləcə. Siz orda dostunuzla görüşüb şəhərdə gəzə biləcəksiniz.
İndi əsas məqama gəlirik. Şair necə deyirdi? Mən gözələ gözəl deməm, gözəl mənim olmayınca. Haqlı sualınız yaranır, mən evdə divanda oturub tavana baxıramsa, dostum da atasının bitmək bilməyən öyüdlərinə qulaq asırsa, bizim avatarımızın şəhərdə gözəl qızlara tamaşa etməyindən bizə nə? Bunun üçün adi bir eynək taxmaq kifayət edəcək (Zukerberq VR (Virtual Reallıq) eynəkləri istehsal edən Okulus şirkətini yeddi ildir ki satın alıb). Cisminiz divanda uzansa da, siz dostunuzla birgə şəhərdə olacaqsınız. Dostunuz əlini sizin çiyninizə qoyanda siz onu hiss edəcəksiniz.
Sizə Metavörsdəki hər şeyi gerçəkmiş kimi yaşadan texniki vasitələr üzərində də iş gedir. Hətta gözünün kənarına yerlədirilən bir çip vasitəsi ilə heç bir əlavə cihaza ehtiyac duymadan Metavörs aləmindən həzz alacağınız da deyilir (Ümid edirəm ki, bu çipi Microsoft istehsalı etməyəcək).
Beləliklə, Metavörs vasitəsi ilə siz dünyanın istənilən şəhərində gəzə, istənilən ölkədə istənilən insanla tanış ola, hətta o uzaq ölkədə yaşaya bilərsiniz. Metavörs aləmində olan hər şey sizə gerçəkmiş kimi gələcək. Bir zamanlar siz sevdiyiniz müğənnilərin ancaq kasetinə qulaq asa bilirdiniz. İnternetdən sonra onun “Instagram”ına yazmağa başladınız. Metavörs aləmi isə sizə o müğənni ilə dostluq etmək imkanı verəcək.
Zukerberq beş-on il ərzində bütün bunları bizə vəd edir. İndiki reallıqda Zukerberqin qarşısında texniki əngəllər var. Metavörs kimi böyük bir sistemə yüksək internet surəti - 5G gərəkdir. Eləcə də yüksək parametrli telefonlar, planşetlər, cihazlar. İndiki internet surəti və cihazlar bu tələbatı qarşılamır. Ancaq on il ərzində bu sahədə böyük işlərin görüləcəyini desək yəqin ki, sehrbazlıq etmiş olmarıq. Çünki işin başında milyardlarda dollar dayanır.
Metavörs layihəsi şirkətlərə böyük gəlirlər vəd edir. Zukerberq öz təqdimatına Metavörs iqtisadiyyatından danışır. Siz Metavörsdə lüks maşınlarınızla gəzə, məşhur brendlərin geyimlərini ala biləcəksiniz. Bəs necə? Hamı oradadır. Kim Metavörsdə “Sədərək” malı geyib “06” sürər ki? Bunlar istehsalçı şirkətlər üçün gəlir deməkdir. Bəlkə orda “Porsche” 100 min dollar yox, 100 dollar olacaq. Ancaq pulsuz olmayacaq. Ya da Parisə getmək gerçək həyatdakı qədər bahalı olmasa da, hər halda pulsuz da alınmayacaq.
Bəs futbol oyunları? FİFA Dünya Çempionatını Metavörsdə yayımlayacaq, siz bilet alıb dostlarınızla birgə Türkiyənin son saniyələrdə vurduğu qola sevinəcəksiniz. Bu Qatara getmək qədər baha olmayacaq. Qatar onsuz da çox istidir.
Və ya “Walt Disney” kimi şirkətlər filmlərini kinoteatrda yox, Metavörsdə göstərsələr, siz elə filmin içinə düşüb oradan filmi izləsəniz necə olar? Uşaqlar belə bir təklifə “yox” deyə bilərmi?
Bir sözlə, Metavörs hər şeyin mümkün olduğu xəyal dünyasıdır. O, bəşəriyyətin qarşısında açılmış görkəmli bir gələcəkdir. Həm də qorxulu bir gələcək. İndiki internetdən dəfələrlə cazibədar olan Metavörsün qarşısında hansı güc dayana bilər? Sizin üçün Parisdə meksikalı gözəlçə ilə öpüşmək gerçək həyatda mümkünsüz kimi bir şeydir. Ancaq bu yüngülvari xərclə Metavörsdə mümkün olacaq. Və insan öz həyatının darıxdırıcı sükutunu Metavörsün gözqamaşdırıcı hay-küyünə dəyişmək üçün heç də tərəddüd etməyəcək.
Deyirlər Həsən Səbbah öz fədailərinə xaşxaş verdirərək onlara qalasının arxa bağçasında çağlayan bulaqların, yamyaşıl ağacların və yarıçılpaq qızlarını göndərirdi. Fədailər isə yuxuda olduqlarını sanır və bu mənzərəni cənnət bilirdilər.
Biz bütün bunların gerçək olduğunu bilirik. Bizim faciəmiz də elə budur...