Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Piyləri artıq kaloriləri yandırmağa məcbur edəcək üsul ixtira edildi
Alimlər piyləri artıq kaloriləri yandırmağa məcbur edəcək üsul tapıblar.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Sirius Elmi-Texnoloji Universitetinin alimləri bəyan ediblər.
Bildirilir ki, bu metod PRDM16 adlı xüsusi bir genin piy hüceyrələrinə çatdırılmasını nəzərdə tutur. Bu genin piy hüceyrələrinə çatdırılması üçün alimlər adenoassosiasiyalı viruslardan istifadə ediblər. Bu cür viruslar təhlükəsizdir - onlar xəstəlik yaratmır və hüceyrələrin DNT strukturuna inteqrasiya etmir. Virus vasitəsilə PRDM16 geni birbaşa piy hüceyrələrinə daxil olur və burada yağ yandırılmasını təmin edən zülalın sintezini aktivləşdirir. Nəticədə, orqanizm hətta fiziki fəaliyyət olmadan da daha çox enerji sərf etməyə başlayır.
"PRDM16 geni piy hüceyrələrinin aktivləşməsində əsas rol oynayır. Adi ağ piy hüceyrələrini (depo funksiyalı yağları) daha aktiv bej piy hüceyrələrinə çevirir. Bej piy hüceyrələri bədən tərəfindən artıq yağların yandırılması hesabına istilik istehsal edir və bununla da orqanizmin enerji sərfiyyatını artırır", - deyə elm adamları izah ediblər.
Yeni metod piylənmə və 2-ci tip şəkərli diabetə səbəb olan mutasiyaya malik siçanlar üzərində sınaqdan keçirilib. Təcrübə nəticəsində PRDM16 geninin çatdırılması heyvanların çəki itirməsinə səbəb olub.
O da vurğulanır ki, bu metod dərmanın təsirini yalnız hədəf toxumalara yönəltməyə və potensial yan təsirləri azaltmağa imkan verir.