Poliqlot kimə deyilir, bilirsiniz?
Dörddən çox dildə sərbəst danışa bilən, dünya dillərini və fərqli mədəniyyətləri sevən, araşdıran insanlara poliqlot deyilir.
Bəs bilirdinizmi “Dünya Poliqlotlar Assosiasiyası” var?
Assosiasiyanın dünyanın müxtəlif ölkələrdən olan yüzlərlə poliqlot üzvü var. Bu assosiasiya hər il fərqli ölkələrdə poliqlotlar konfransı və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Beləliklə burada iştirak edən insanlar geniş netvorkinq əlaqələri qurur, dünyada dillərlə bağlı aktual mövzular haqqında müzakirələr aparırlar. Konfrans zamanı müxtəlif araşdırmalar və yenilikçi həll yolları təklif olunur.

Onun üzvlərdən biri də həmyerlimiz, 9 dildə akademik səviyyədə danışan Aslan Məmmədzadədir. Özünün qeyd etdiyinə görə, hər zaman Azərbaycanda dilöyrənmə prosesində olan baryerlərin və boşluqların həll yolunu tapmaq üçün bu tədbirləri ölkəmizdə keçirmək arzusunda olub.
Bu səbəbdən 12 dekabr tarixində “Dünya Poliqlotlar Assosiasiyası”nın qurucusu, 20 dildə akademik səviyyədə danışan, “Harpercollins” yayım evi tərəfindən “Birləşmiş Krallığın ən multilinqual insanı”, “Goethe” universiteti tərəfindən “Multilinqualizm Səfiri” seçilmiş Riçard Simkott ilə “Poliqlot Show” adlı tədbir keçiriləcək.

Tədbirin məqsədi nədən ibarət olacaq?
“Polyglot Show”un əsas missiyası xarici dil öyrənən hər kəsə 2022-ci il üçün effektiv metodika və strategiyaları təqdim etmək, Azərbaycanda dil baryerini yox edərək, gənclərin təhsil və karyera inkişafına töhfə vərməkdir. Bununla yanaşı, dünyada dilöyrənmə prosesi haqqında geniş araşdırmalara sahib olan poliqlotların zəngin təcrübə və yenilikçi yanaşmalarını ölkəmizin insanlarına əlçatan etməkdir.
Min nəfərin olacağı tədbirdə iştirak tamamilə ödənişsizdir.
Tədbir 12 dekabr saat 11:00-da, onlayn formatda həyata keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər “languageswithaslan” “Instagram” səhifəsində qeydiyyatdan keçə bilər.