Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Qaranlıqdan işığa: Qarabağa qayıdış](https://images.oxu.az/2025/02/14/4Pn52f9smNiGC3CbTk2KoNiasgAVfCSq5VkMmloP:1200.webp)
Qaranlıqdan işığa: Qarabağa qayıdış
Təsəvvür et ki, hər şey bir anda zülmətə qərq olur. Bəs bu, illərlə davam etsə? Bu, qaranlıq bir otağın deyil, bir vətənin olsa? Bu sualın cavabını doğma yurd-yuvasından didərgin düşən həmvətənlərimiz yaxşı bilirlər. Düzdür, onlar müvəqqəti sığındıqları şəhərlərdə işıqsız qalmamışdılar, amma vətən həsrəti, işğalçılar tərəfindən viran qoyulmuş torpaqların ağrısı onların içini zülmətə qərq etmişdi. Düşmən tapdağı altında qalan torpaqlarımız kimi - uşaq səslərinin, azan avazının kəsildiyi yurdlar kimi…
Amma qaranlıq əbədi deyil. Müstəqillik tariximizin dönüş nöqtələrindən biri - 2020-ci ildə səngərlərdə başlayan haqq mübarizəsi həmin torpaqlara təkcə azadlıq yox, həyat da qaytardı. Bir vaxtlar yüzminlərlə mina basdırılan torpaqlarda bu gün işıqlı yollar salınır. İndi küçələrdə doğma insanların ayaq səsləri eşidilir, azan səsi ucalır, küçələr salınır, yurddakı evlərin pəncərələrindən işıq süzülür.
Qarabağ və Şərqi Zəngəzura bu istiliyi gətirən qəhrəmanların bir qismi, sözsüz ki, "Azərişıq" əməkdaşlarıdır. Onlar zülmətə qərq olmuş torpaqlarımıza işıq gətirən, çətin relyef və mina təhlükəsi qarşısında əzmlə çalışan fədakar qəhrəmanlardır. Bu qəhrəmanlar yaxşı bilirlər ki, həyat işıqla canlanır. Onların gördüyü iş isə təkcə texniki proses deyil - bu, böyük qayıdışın, quruculuq prosesinin ayrılmaz parçasıdır. Evlərin yenidən tikilməsi, ailələrin doğma yurdlarına qayıtması, uşaqların gələcəyini burada qurması deməkdir. "Azərişıq" bu missiyanı üzərinə götürməklə azad Qarabağın və Şərqi Zəngəzurun tarixində öz səhifəsini yazır.
Qurum beş il ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparıb və bu proses hazırda davam etdirilir. Azad olunmuş torpaqlarımızda məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar salınır, elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Keçən zaman kəsiyində azad edilmiş torpaqlarda yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri istifadəyə verilib.
Hazırda da işğaldan azad olunmuş ərazilərdə yeni güc mərkəzləri, yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri tikilir. Bu quruculuq işləri Xocalıda, Xocavənddə də aparılır.
Eyni zamanda, 2050-ci ilə qədər sıfır emissiya zonasına çevrilməsi hədəflənmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviqinə başlanılıb. Bu məqsədlə yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilir. İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə 20 EDM quraşdırılıb. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib.
Bütün bunlar Qarabağ və Şərqi Zəngəzura işıq, həyat gətirməyə hədəflənmişdi. Görülən işlərin arxasında isə təkcə texniki güc yox, həm də insan ürəyi, əzmi, cəsarəti dayanır. Çünki bu işi görənlər yaxşı bilirlər ki, işıq ümiddir, istilikdir, həyatdır.
Bu gün işğaldan azad edilmiş torpaqlarda həyat öz axarında davam edir. İnsanlar gün işığında qurur, yaradır, gecənin qaranlığında isə işıqlı küçələrdə gəzir, istirahət edir, təbiətin və öz əməyinin yaratdığı gözəlliklərdən zövq alırlar. Bu torpaqlarda yanan hər işıq Qarabağ və Şəri Zəngəzurun bərpasının, qayıdışın simvoludur.
Bu yazı "Azərişıq" ASC-nin 10 illik yubileyinə həsr olunmuş "İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr" mövzusunda media subyektlərinin təmsilçiləri arasında elan edilən müsabiqəyə təqdim edilir.
Aləmdə Nəsib
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu" teqi üzrə xəbərlər
- Araz Məmmədzadə: "İşğaldan azad olunmuş ərazilərdə 20 ədəd EDM quraşdırılıb "
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- Nazir müavini: "Qarabağ və Şərqi Zəngəzurda 3.4 min km uzunluğa malik avtomobil yolları inşa edilir"
- Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024-də əldə edilən uğurlar
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
Rəylər