Sumqayıt şəhəri, Corat bağları, Vüsal Allahyarov və Məhəmməd Nadir Rzayev küçələrində yaşayan sakinlər su qıtlığından şikayət edirlər.
Sakinlərin sözlərinə görə, hər il yay mövsümü başlayandan ərazidə su problemi yaranır.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Onlar bildirirlər ki, evlərini su ilə təmin etmək üçün müxtəlif qurğulardan istifadə etməyə və qonşulardan su almağa məcbur qalırlar.
"İyunun əvvəlindən bu günə kimi su üzünə həsrət qalmışıq. 78 yaşım var, küçələrdən su daşıyıram. Maşını su daşımaqdan xarab etmişəm. Qonşudan su götürürük, o da çətin vəziyyətdə qalır, çünki onun da pulu gedir", - deyə sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib ki, problem uzun illərdir davam edir: "2003-cü ildən burada yaşayıram. Demək olar ki, həmin vaxtdan su problemi var. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Gəlib baxıblar, suyun bərpa olunacağını deyiblər. Amma hələ də heç bir dəyişiklik yoxdur. Yay gələn kimi bu küçələrin sakinləri susuz qalır".