Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Çiləgir kəndi ərazisində qeydə alınıb.
Belə ki, 77-RN-328 dövlət nömrə nişanlı "Nissan Tiida" avtomobili "KamAZ" markalı, 10-KJ-142 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.


Nəticədə Bakı şəhəri, Xətai rayon sakini, 1986-cı il təvəllüdlü İbrahim Qabil oğlu Məcidov və Zərdab rayonu, Təzəkənd kənd sakini, 1990-cı il təvəllüdlü sərnişin Dilqəm Hüseyn oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir. Onlardan fərqli olaraq, "KamAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1979-cu il təvəllüdlü Ramil Rəmixan oğlu Sevzixanov hadisəni xəsarətsiz ötüşdürüb.
Faktla bağlı araşdırma aparılır.
Xəsarət alanların vəziyyəti ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 22-də saat 12:30-da Qusar rayonu Çiləgir kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1986-cı il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, qarın boşluğunun küt travması, 1990-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, qarın boşluğunun daxili qanaxması və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub.
Zəruri tibbi xidmətlər göstərildikdən sonra hər iki şəxsin müalicələri Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir",- deyə məlumatda bildirilib.
Əzizə İsmayılova