Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın tarixi əhəmiyyətindən söz açıb. Bildirilib ki, təqdimatı keçirilən kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur.
Vurğulanıb ki, bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır. O da qeyd olunub ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. O, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi.
Qeyd edək ki, bu kitab “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunub.