Sabirabad rayonunun kənd yollarının işıqlandırılması ilə bağlı problemlər yaranıb.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Sakinlər qeyd ediblər ki, əksər kənd yollarının kənarlarında işıq dirəkləri yenicə quraşdırılıb.
Bildirilib ki, bir müddət yollar işıqlandırılsa da, sonradan qeyri-müəyyən səbəbdən dayandırılıb.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda elektrik üçün ayrılan limit bitib:
"Qeyd olunduğu kimi, bir çox kəndlərə işıq dirəkləri ötən ilin sonlarında quraşdırılıb. Hazırda enerji limiti bitib. Bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib, müvafiq sənədlər hazırlanıb. 2026-cı il üçün limit ayrıldıqdan sonra bütün kəndlərin işıqlandırılması təmin ediləcək. Enerji limitinə vəsait ayrılmalıdır".