Azərbaycanda, əsasən də Bakıda fəaliyyət göstərən şadlıq sarayları günü-gündən çoxalır. Bəs bu restoranlarda qiymətlər necədir və onlar nəyə əsasən hesablanır? Ümumiyyətlə, qiymətlər tənzimlənirmi?
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev danışıb. Onun dediklərinə görə, şadlıq saraylarından bəziləri vergidən yayına bilir:
“Şadlıq sarayları normalda sadələşdirilmiş vergi ödəyirlər. Yəni bir şadlıq sarayının aylıq gəlirinin 4%-i dövlətə çatır. Bu, o deməkdir ki, əgər aylıq gəlir 20 min manatdırsa, o, dövlətə 800 manat pul ödəyir. Ancaq bu faizlər Bakı şəhəri üçün hesablanır. Bakıdan kənarda isə vergi 2%-dir. Əgər şadlıq sarayının aylıq qazancı 120 min manatdan artıqdırsa, bu zaman əlavə dəyər vergisi ödənilir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bu zaman qazanılan pullardan xərclər, gəlirdən isə mənfəət vergisi çıxılır. Bir sözlə, şadlıq saraylarında vergi ödəməsi aylıq gəlirə görə hesablanır. Amma bütün şadlıq sarayları öz gəlirlərini açıq şəkildə göstərmir. Bəziləri vergidən yayına bilir. Çünki onların bir çoxuna bu, sərf etmir”.
Kiçik bir araşdırma aparsaq, bir şadlıq sarayının təqribi olaraq aylıq gəlirini hesablaya bilərik. Hər kəsə məlumdur ki, belə məkanlarda qiymətlər stolun qiyməti ilə hesablanır. Bu qiymətlər isə müxtəlif olur, 20-80 manat adambaşı.
İndi də ən ucuz masanın 20 manat olduğunu nəzərə alaraq hesablama aparaq. Bir şadlıq sarayında ay ərzində ən azı 10 toy məclisi olarsa, həmin sarayda 300 nəfərlik yer olduğunu da nəzərə alanda ortalığa təxminən belə bir rəqəm çıxır - bir ay ərzində 60 000 manat. Bu, hələ ən aşağı qiymətlərlə hesablanmış məbləğdir.