Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şagirdi döydüyü iddia edilən müəllim: "Vəziyyəti izah etmək üçün heç kəsi tapa bilmədim"
"Həmin uşaq risk qrupuna daxil olan məktəblidir. O, hər zaman sinifdə dərs prosesinə mane olub. Məktəbdən də bizə bildirilib ki, həmin şagird risk qrupuna daxildir və onunla daha həssas davranaq, amma nə etsəm də, onunla bacarmaqda çətinlik çəkmişəm".
Bunu Oxu.Az-a açıqlamasında Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli orta məktəbin 5-ci sinif şagirdini döydüyü iddia edilən ingilis dili müəllimi Cavid Rzayev deyib.
Müəllim bildirib ki, həmin məktəblinin anası vəfat edib, ona xalası və babası baxırlar:
"Camaatın içində şagirdi danlamağı sevmirəm. Həmişə kənara çəkib sözümü deməyə çalışmışam, xəbərdarlıq etmişəm. Onunla çoxlu motivasiyaedici söhbətlərim də olub. Xalasına da dəfələrlə demişəm ki, bu uşağa siz baxırsınız, özünüz də danışın, hərəkətlərini nizamlamasını tapşırın, amma xalası da deyir ki, hər dəfə söhbət edəndə nəsə deyir, yayınır".
Hadisə baş verən günü xatırlayan müəllim deyir ki, sözügedən şagird həmin gün də dərsə gecikib:
"Altıncı dərsə səbəbsiz olaraq gecikmişdi. Mənim səhvim onda oldu ki, həmin şagirdin dərsə gecikdiyini görəndə emosiyalarıma bir qədər hakim ola bilmədim. Onu yaxasından tutub divara söykəyərək silkələdim. Sonra isə sinfə itələdim, vəssalam. Sən demə, sinfə daxil olandan sonra uşaqların və fənn müəlliminin yanında divara yumruq vurub. Uşaqlar deyirlər ki, yumruqlarını divara elə sərt vururdu ki, xırçıltı səsləri eşidirdik. Sonra isə atasına şikayət edib ki, guya müəllim onu sanitar qovşaqda üç-dörd dəfə başından tutaraq divara çırpıb və əlləri üstünə yıxılıb deyə barmaqları əzilib".
Müəllim vurğulayıb ki, hadisə ilə bağlı kamera görüntüləri və şahidlər var:
"Mənim onu danladığıma dair videogörüntü var. Şagirdlər də izahat yazıblar. Mənim səhvim emosional davranmağımda olub. Hadisədən sonra şagirdin atası çox əsəbi formada məktəbə gəlmişdi. Məni heç dinləmədi. Səhəri gün atası və babası məktəbə təkrar gəldilər. Yenə məni dinləmədilər, hətta məni vurmağa çalışırdılar. Fevralın 14-də vəziyyət çox kritik idi. Regional təhsil idarəsi mənə təzyiq göstərirdi ki, məktəbi tərk edim. Necə ola bilər ki, birtərəfli məlumatla qərar verilir? Mən baş verənlərdən sonra təhsil idarəsinə iki dəfə getmişdim, lakin vəziyyəti izah etmək üçün heç kəsi tapa bilmədim. Polis bölməsində də olmuşam, izahatımı yazmışam. Məktəblinin valideyninin şikayəti əsassız hesab edilərək məsələ bağlanıb".
Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı danışan müəllim deyib ki, fevralın 17-də işdən azad edilməsi ilə bağlı ərizə yazıb:
"Mənə təzyiq göstərildiyi üçün həm məktəb rəhbərliyinə problem yaratmamaq, həm də özüm vaxt qazanmaqdan ötrü işdən çıxmaqla bağlı ərizə yazmışdım. Bildirmişdim ki, məni fevralın 17-də işdən azad etsinlər. Fevralın 15-də məktəbin elektron poçtuna geri çəkilmə ilə bağlı ərizə göndərdim. Fevralın 17-də ərizəmi geri götürməklə bağlı əlyazma şəklində ərizə təqdim etdim və qəbul edildi. Bir neçə saatdan sonra isə məlum oldu ki, məni birinci ərizəm əsasında işdən azad ediblər. Əmək müqaviləmə xitam verildiyini mətbuatdan öyrəndim. Bununla bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etmişəm".
"Bu addım təhsilin gələcəyi üçün təhlükədir. Belə çıxır ki, şagird nə istəyir, deyir, müəllim də rahat şəkildə işdən azad edilir. Belə gedişlə ümumi respublika üzrə şagirdlər müəllimləri şantaj etməyə başlayacaqlar. Valideynlər və müəllim kollektivi məni dəstəkləyirlər", - deyə müəllim qeyd edib.
Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli orta məktəbin 5-ci sinfində övladı təhsil alan valideynlərdən biri Oxu.Az-a açıqlamasında deyib ki, sinifdəki uşaqların sözlərinə görə, müəllim şagirdi döyməyib:
"Sinif rəhbəridir, müəllimin haqqıdır ki, uşaqdan dərsə niyə gecikdiyini soruşsun. Uşaqların da sözlərinə görə, həmin şagird müəllimə əsəbiləşib və özünə zərər verib. Daha sonra isə gedib evdə bildirib ki, müəllim onu döyüb. Bir valideynin sözü ilə müəllimin işinə xitam vermək olar? Sinifdə 32 uşaq var. Onlardan heç birini danışdırmayıblar. Cavid müəllim uşağa zərər verəcək adam deyil. Mənim heç nəyim deyil, amma savadlı, tərbiyəli adamdır. Belə bir müəllim bir uşağa görə niyə işdən çıxarılsın? Bütün məktəb Cavid müəllimdən razıdır".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin İkinci Polis Şöbəsinə valideyn uşağının döyülməsi ilə bağlı müraciət edib:
"Hazırda araşdırma aparılır. Müvafiq ekspertiza təyin olunub. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Xatırladaq ki, Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cavid Rzayevin müraciəti xidmətə bu gün (18.02.2025-ci il) daxil olub:
"Müraciət qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində tərəfimizdən baxılaraq cavablandırılacaq".
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bunlar bildirilib:
"Gəncə şəhər 34 nömrəli tm orta məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".
Göründüyü kimi, RTİ-nin bu açıqlaması qurumun hadisə ilə bağlı fevralın 17-də verdiyi açıqlama ilə eynilik təşkil edir.
Qurumdan yalnız o əlavə olunub ki, şagirdlərə qarşı fiziki təzyiq göstərilməsi yolverilməzdir:
"Bu kimi hallara qarşı mübarizə tədbirləri davam etdiriləcəkdir. Gələcəkdə də belə hallara yolverilərsə, müvafiq ölçü götürüləcək".
Aləmdə Nəsib