Abşeron Rayon Mərkəzi Xəstəxanasındakı (RMX) növbə məsələsinə rəsmi münasibət bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında gün ərzində orta hesabla 3 000 - 3 500 müraciət qeydə alınır.
"Vətəndaşların operativ qəbulunu təmin etmək məqsədilə tibb müəssisəsində 19 qeydiyyatçı fəaliyyət göstərir. Müraciətin xarakterindən asılı olaraq vətəndaşlar müvafiq qeydiyyat masalarına yönləndirilirlər.
Qeyd edək ki, tibb müəssisəsində vətəndaşların tibbi xidmətlərə çıxışının daha rahat təmin edilməsi, uzunmüddətli gözləmə hallarının aradan qaldırılması, səmərəli xidmət mühitinin yaradılması və ən əsası vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sistemi tətbiq edilir.
Vətəndaşlar "Mygov" mobil tətbiqi vasitəsilə öncədən vaxt təyin edə bilir və seçdikləri vaxtda tibb müəssisəsinə yaxınlaşaraq canlı növbə gözləmədən həkim qəbuluna rahat giriş əldə edirlər", - deyə məlumatda vurğulanıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında (RMX) "Ana-uşaq" pəncərəsi önündə uzun növbə yaranıb.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Şikayətə əsasən, növbənin əsas səbəbi valideynlərin məktəb və idman məşğələləri ilə bağlı sağlamlıq arayışı almaq üçün xəstəxanaya müraciət etmələridir.

Bildirilib ki, bu xidmət üçün iki pəncərə nəzərdə tutulsa da, hazırda onlardan yalnız biri fəaliyyət göstərir. Bu isə vətəndaşların saatlarla növbədə gözləməsinə səbəb olur.
"İşləyən pəncərənin qarşısına maneə qoyulub və vətəndaşlar bir-bir pəncərəyə yaxınlaşa bilirlər. Digər pəncərənin fəaliyyət göstərməməsinin səbəbini soruşduqda isə səbəb kimi əməkdaşın məzuniyyətdə olduğunu bildirdilər", - deyə şikayətdə qeyd olunub.