Şamaxının mərkəzi küçələrindən biri hesab olunan Səttar Bəhlulzadə küçəsinin sakinləri yol problemindən əziyyət çəkirlər. Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, sel suları və intensiv yağan leysan yağışları küçənin infrastrukturunu tamamilə sıradan çıxarıb.
"Burada iki dəfə yıxılmışam, ayağım və qolum sınıb. Küçə o qədər bərbaddır ki, təcili yardım avtomobilləri buraya girə bilmir. Hətta evə un alanda cavanlara yalvarırıq ki, daşımağa kömək etsinlər. Çörək almağa belə gedə bilmirəm. Bu şəraitdə yaşamaq mümkün deyil", - deyə vətəndaşlardan biri narazılığını ifadə edib.
Şəhərin Cəlil Məmmədquluzadə küçəsində də vəziyyət ürəkaçan deyil. Sözügedən küçədə asfalt örtüyünün olmaması sakinlərin hərəkətini məhdudlaşdırır və ciddi çətinliklərə yol açır.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərdaxili avtomobil yollarının asfaltlanması işləri mərhələli şəkildə həyata keçirilir: "Artıq küçələrin asfaltlanmasına başlanılıb və bu istiqamətdə işlər davam etdiriləcək".