Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində sürücü, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əzimə Rzayeva isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Qeyd edək ki, qəza nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Leyla Qasımova isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avqustun 13-də saat 13 radələrində Şamaxı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər (4 nəfər kişi cinsli və 5 nəfər qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
.
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə bu gün Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.
Qeyd olunub ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Samir Əli